AZ

Orxan Məmmədov: "Yerli sahibkarların Türk İnvestisiya Fondunun investisiyalarına çıxış asanlaşacaq"

Türk İnvestisiya Fondunun (TİF) yaradılması haqqında Sazişdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB-ların maliyyələşdirilməsi ilə bağlı təklifləri də nəzərə alınıb.

“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, KOB-larla bağlı layihələrin maliyyələşdirməsi onların inkişafına dəstək olmaqla yanaşı, Fondun məqsədlərinə də töhfə verə bilər: "Fond KOB-larla bağlı layihələri maliyyələşdirməyi hədəfləyir. Bu istiqamətdə yerli sahibkarlara Fondun investisiyalarının cəlb edilməsini asanlaşdırmaq üçün birgə KOB maliyyələşdirmə proqramının yaradılması nəzərdən keçirilə bilər".

O. Məmmədov bildirib ki, TİF nəqliyyat və logistika zəncirinin genişləndirilməsini də dəstəklədiyindən, KOB-ların regional təchizat zəncirinə inteqrasiyasını təşviq etmək məqsədilə KOB İxrac Akseleratorunun yaradılmasına dəstək verilə bilər. O hesab edir ki, ilkin mərhələdə bu platformanın rəqəmsal formatda fəaliyyət göstərməsi planlaşdırıla bilər.

"Yaşıl maliyyələşdirmə"yə toxunan KOBİA sədri vurğulayıb ki, COP29 çərçivəsində elan edilmiş “KOB-ların Yaşıl Keçidi üzrə Bakı İqlim Koalisiyası” çərçivəsində KOB-ların “yaşıl maliyyələşdirilmə"si mexanizmlərinin yaradılması və iqlim yönümlü layihələrin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları mövcuddur.

"KOBİA ESG prinsiplərinin tətbiqini fəal şəkildə dəstəkləyir və bu məqsədlə ESGHUB platforması yaradılıb", - O. Məmmədov əlavə edib.

Seçilən
29
3
far.az

10Mənbələr