Dövlət Gömrük Komitəsinin rəisi Şahin Bağırova yeni müavin təyin edilib.
“AzPolitika” "bakupost.az"-a istinadən xəbər verir ki, bu vəzifəyə general-mayor Güloğlan Muradlı gətirilib.
General Muradlı bu təyinata qədər DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Güloğlan Muradlı 20 fevral 1964-cü ildə Azərbaycan Respublikası Şamaxı rayonunun Dərəkənd kəndində anadan olub.
1979-1983-cü illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbini bitirərək müəllim kimi əmək fəaliyyətinə başlayıb.
1983-1985-ci illərdə Qərbi Ukraynada, Sovet Ordusu sıralarında Strateji Təyinatlı Raket Qoşunlarında kiçik komandirlər hərbi məktəbini bitirərək bölmə komandiri kimi hərbi xidmət keçib.
1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsininin hüquqşünaslıq ixtisası üzrə əyani şöbəsini və Hərbi kafedrasını bitirib.
1992-ci ilin yanvar-avqust aylarında Qobustan rayonu İcra Hakimiyyəti başçısı yanında hüquq məsləhətçisi, eyni zamanda rayonun Mülki-müdafiə qərargahının rəisi və Dövlət İdarələri İşçiləri Həmkarlar Komitəsinin Sədri olub.
1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Gömrük Komitəsinin Qaçaqmalçılıqla mübarizə İdarəsində Təhqiqat şöbəsinin baş inspektoru kimi fəaliyyətə başlamışdır.
1992-1998-ci illərdə Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsində, İdarə rəisinin müavini və birinci müavini vəzifələrində çalışıb.
1998-2015-ci illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsində, Baş İdarə rəisi vəzifəsində fəaliyyət göstərib.
2015-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsində baş idarə rəisinin müavini, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Baş İdarə rəisinin birinci müavini vəzifələrində çalışıb.
22 dekabr 2023-cü ildə Əməliyyat-istintaq Baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2007-ci ildə gömrük xidməti general-mayoru xüsusi rütbəsi verilib.
2015-ci ildə "Dövlət Qulluğunda Fərqlənməyə görə" medalı, 2021-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub..
Rus və türk dillərini sərbəst, ingilis dilini zəif bilir.
Ailəlidir. Dörd övladı var.