AZ

Taleh Qaraşovun ona sui-qəsdə cəhd edən şəxsi bağışlaması… – Hüquqşünas

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun ona qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovu bağışlaması, ittihamçının cəzasını yüngülləşdirə bilər.

Bu sözləri Tribunainfo.az-a Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmaçı-hüquqşünas Səməd Vəkilov T.Qaraşovun ona sui-qəsd hazırlayan şəxsi bağışlamasının prosesə hansı formada təsir edəcəyi barədə danışarkən deyib. S.Vəkilov bildirib ki, dövlət qulluqçusuna qarşı sui-qəsdə cəhd edən şəxsin bağışlanması çox nadir görünən haldır:

“İrəli sürülmüş ittiham məhkəmə istintaqında öz təsdiqini taparsa, təqsirləndirilən şəxsi ağır cəza gözləyir. Ancaq zərəçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması, zərəçəkmiş şəxsin ittihamçı barədə şikayət etməməsi cəza təyin edərkən yüngülləşdirici hal kimi nəzərə alına bilər.
Həmçinin təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi, səmimi peşmançılıq keçirməsi də yüngülləşdirici hal kimi nəzərə alına bilər. Ancaq cinayətin ağırlıq dərəcəsi, cinayətin qəsdən törədilməsi, ictmai təhlükəlilik dərəcəsi, cəmiyyətə vurduğu zərəri nəzərə alsaq, göstərilənlər cəza təyin ediləcəyi zaman az cəza ilə qutarmasına yaxud cinayət işinin xitam olunmasına səbəb olacaq hal kimi qiymətləndirilə bilməz”.

Qeyd edək ki, 11 fevral tarixində Lənkəran şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirildi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Taleh Qaraşov məhkəməyə ərizə göndərmişdi. T. Qaraşov, ərizədə təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirib.

Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib

Gülşən

Seçilən
55
1
tribunainfo.az

10Mənbələr