AZ

Şokoladın qiyməti BAHALAŞACAQ

Keçən il Qərbi Afrikada həftələrlə davam edən şiddətli istilər kakao məhsuluna ciddi ziyan vurub. Bunun nəticəsində istehsal azalıb və kakao qiymətləri rekord səviyyələrə yüksəlib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, dünya kakao istehsalının təxminən 70%-ni təmin edən Qərbi Afrika son illərdə ekstremal hava şəraiti, xəstəliklər və qeyri-sabit yağıntılarla mübarizə aparır. Climate Central tədqiqat mərkəzinin hesabatına görə, neft, kömür və metan qazı istifadəsi nəticəsində artan qlobal istiləşmə Fildişi Sahili, Qana, Kamerun və Nigeriyada daha çox hiss olunur. Alimlər bildirirlər ki, kakao üçün ideal temperatur 32°C olsa da, son 10 ildə bu səviyyədən yuxarı olan isti günlərin sayı üç həftə artıb.

İstehsalın azalması qlobal kakao bazarında böyük qiymət artımına səbəb olub. 2023-cü ilin sonlarından etibarən Londra və Nyu-York birjalarında kakao qiymətləri sürətlə yüksəlib. Nyu-York birjasında bir ton kakaonun qiyməti 10 min dolları keçib, dekabr ayında isə 12 min 500 dollara çataraq rekord qırıb.

İsveçrənin Lindt & Sprüngli şirkəti artan xammal xərcləri səbəbindən 2024-cü ildə şokolad qiymətlərini yenidən artıracağını açıqlayıb.

Missisipi Dövlət Universitetinin professoru Narcisa Pricope bildirib ki, kakao istehsalı xüsusilə quraqlıq səbəbindən ciddi təhlükə altındadır. BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində aparılan araşdırmalara əsasən, son 30 ildə dünya quru ərazilərinin dörddə üçü daha da quraqlaşıb.

Alimlər hesab edirlər ki, quraqlıqla mübarizə yalnız şokolad sənayesini qorumaq üçün deyil, həm də planetin ekoloji balansını saxlamaq üçün vacibdir.

Milli.Az

Seçilən
36
6
milli.az

7Mənbələr