AZ

Kimlərə oruc tutmaq olar? - MÜNASİBƏT BİLDİRDİ

“Orucun insana faydalarından danışan zaman mütləq bilmək lazımdır ki, bu sağlam insan üçün nəzərdə tutulub. Əgər biz deyiriksə, “oruc insana faydalıdır”, yəni bu söz sağlam insana aiddir. Qurani-Kərimin oruc barəsində olan ayəsində də qeyd olunub ki, xəstə olan insanlara oruc tutmaq olmaz. Orucun insan bədəninə faydası sağlam insana aiddir. Əlbətdə müəyyən xəstəliklərin müalicəsində orucun faydası ola bilər. Bu yalnız İslam maarifində yox, əsrlərlə tibbə aid olan kitablarda da öz əksini tapmışdır. Hal-hazırda müasir həkimlərin reportajlarında, müsahibələrində onlar bəzi xəstəliklərin yollarından birinin pəhriz olduğunu bildirirlər. Hətta bunu açıqca orucla əlaqələndirirlər. Yəni orucun insana faydalarından danışan zaman, onun bir insanın səhhətinə zərərli olması halı nəzərdə tutulmur. Həkim tərəfindən bəzi xəstəliklərə orucun pis təsiri olarsa, bu qadağa edilə bilər, amma sağlam insanın oruc tutmasının insana çox faydası var”. Bu sözləri ilahiyyatçı Fazil Əhməd SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ilk növbədə başa düşmək lazımdır ki, bizə həyatı, bədən üzvlərini bəxş edən Allah heç vaxt zərərli olan bir şeyi əmr etməz: “Biz orucun insana faydalarından danışarkən, orucun şərtlərinə düzgün əməl etməkdən də danışmalıyıq. Bəzi oruc tutan insanlar sübh çağında, imsak dediyimiz vaxtda yemək yeyəndə həddindən çox qida qəbul edir. Nə həkimlər, nə İslam dini, nə də Allah bu cür pəhriz saxlamaqla razı deyil. Həmçinin axşam iftar vaxtı həddindən çox və qarışıq qida qəbul eləmək doğru deyil. Biz əgər deyiriksə, oruc tutmaq insan sağlamlığına xeyirdir, o zaman Allahın razı olduğu orucu nəzərdə tuturuq. Peyğəmbərimizin belə bir hədisi var ki, Allahın bir neçə dolu qabdan acığı gəlir. O qablardan biri isə halaldan dolan mədədir. Yəni insan mədə dolana kimi yemək yeməməlidir”.

Həmçinin ilahiyyatçı bildirib ki, istər oruc tutmaq, istərsə də pəhriz saxlamaq insan bədənində müəyyən xəstəliklərə səbəb olan qida qalıqlarının atılması üçün çox mühümdür: “İnsanın sağlamlığının böyük faizi bağırsaqda olan qidalardan asılıdır. Yəni qidalar bağırsaqlar tərəfindən sovrulur və o zaman çatışmayan vitaminlər insanda xəstəliklərə səbəb olur. Bu səbəbdən oruc tutan zaman az qida qəbul olunması insanlara israr edilir. Oruc tutan insanın o vaxt faydası ola bilər ki, o süfrədən doymamış vəziyyətdə dursun. Tibb alimləri insanın tam doymasının süfrəyə oturandan 15-20 dəqiqə sonra bilindiyini deyirlər. Bu fakt həm orucluq ayına, həm də digər aylara aiddir”.

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
5
sia.az

1Mənbələr