AZ

"Bu səfər Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının dinamik inkişafının göstəricisidir" - Deputat

“Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcək”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Millət vəkilinin sözlərinə görə, Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Səfər zamanı dövlət başçılarının görüşündə aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrimizi yeni müstəviyə yüksəldəcək. Mətbuata bəyanat zamanı cənab Prezident İlham Əliyevin dediyi kimi, imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməklə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Təhsil sahəsində əməkdaşlıqla yanaşı, ölkəmizin Somaliyə sərmayə yatırımlarının da böyük perspektivləri var.

“Somali Azərbaycanın inkişaf modelini nümunə kimi qəbul edir. Məsələn, bu ölkənin başçısı ASAN Xidmət Mərkəzini ziyarət etdikdən sonra bu təcrübədən Somalidə istifadə olunacağını bəyan edib. Bütövlükdə isə bu səfər Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının dinamik inkişafının göstəricisidir”,-deyə deputat vurğulayıb.

Seçilən
20
1
aznews.az

2Mənbələr