AZ

Əminə Ağazadə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyi şərh etdi

"Hüquq-mühafizə orqanlarının cinayətkarlıqla qətiyyətli mübarizəsi nəticəsində hazırda ölkəmizdə kriminogen durum sabit və nəzarətdədir. Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilən qanun layihəsi də silahla, döyüş sursatı, partlayıcı maddələr və qurğularla davranma, onların qanunsuz dövriyyəsi sahəsində ictimai təhlükəsizliyin daha da gücləndirilməsi məqsədi daşıyır".

Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əminə Ağazadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildiirb ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin qüvvədə olan dispozisiyasına görə qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə eyni cəza müəyyən edilib. Təqdim edilən Qanun layihəsində qanunvericilik təşəbbüsü subyekti bu silahların qanunsuz dövriyyəsinə görə mübarizəni gücləndirmək məqsədilə məhz bu silah və sursatların qanunsuz satışını digər tövsifedici əlamətlərdən ayıraraq 228.3-cü maddənin yeni redaksiyasında və müvafiq olaraq nisbətən daha ciddi sanksiya ilə nəzərdə tutulmasını təklif edir.

"Müqayisə üçün bildirmək istəyirəm ki, oxşar yanaşma Cinayət Məcəlləsinin 234-cü maddəsində də artıq uzun illərdir ki, mövcuddur. Belə ki, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrin dövriyyəsi, həmin vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə əməllərindən ayrı maddədə verilmişdir və daha ciddi cəzanı nəzərdə tutur. Eyni zamanda qeyd etmək istəyirəm ki, Cinayət Məcəlləsinin 228-ci maddəsinin təklif olunan yeni redaksiyasında ilk dəfə olaraq qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri və qurğuların mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satılması ağırlaşdırıcı hal kimi təklif edilir", - deyə deputat qeyd edib.

Ə.Ağazadə deyib ki, odlu silahla davranma sahəsində ictimai təhlükəsizliyin gücləndirilməsi məqsədilə digər bir dəyişiklik də "Xidməti və mülki silah haqqında" Qanuna təklif edilir ki, burada da odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi təklif edilir: "Bu təklif də hesab edirəm ki, silahla davranmada psixoloji yaş xüsusiyyətləri nəzərə alınmaqla çox müsbət dəyişiklikdir".

Qeyd edək ki, layihə müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
3
olaylar.az

4Mənbələr