AZ

“Ancaq oyunda hiss edirik ki, 1-ci liqada mübarizə aparırıq” – Səlahət Ağayev

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin sabiq qapıçısı, hazırda “Qəbələ”də çıxış edən Səlahət Ağayev QOL.az saytına müsahibə verib.

- Səlahət, uzun müddət Premyer Liqada oynayan biri kimi, 1-ci liqadakı mübarizəni necə qiymətləndirirsiniz? 

- Bizim klubda vəziyyət elədir ki, bircə oyundan-oyuna hiss edirik ki, 1-ci liqada mübarizə aparırıq. Yəni komandamızın şəraiti, stadionumuz, meydanlarımız, baş məşqçimiz, hamısı Premyer Liqa səviyyəsindədir. Bilirsiniz ki, digər klubların çoxunun şəraiti yaxşı deyil. Ona görə də oyunlar olanda hiss edirik ki, Premyer Liqa yox, 1-ci liqadayıq. Yenə Premyer Liqada az-çox azarkeş olurdu. Birinci liqada elə oyunlar olur ki, heç azarkeş də gəlmir. 

- Adətən bölgə klublarının oyunlarında azarkeş daha çox olurdu.

- Oyundan asılı olaraq dəyişir. Məsələn, dünən səfərdə “İmişli” ilə oynadıq. Çox yaxşı atmosfer var idi. Neçə vaxtdır ki, bu qədər azarkeş qarşısında oynamırdıq. Məsələ ondadır ki, bəzi komandalar öz meydanında oynamır. Məsələn, biz “Difai” ilə səfər matçını Şamaxıda keçirdik. Tribunada heç kim yox idi. 

- Çempionatın səviyyəsi necədir?

- Bəzi komandaları çıxmaq şərti ilə hiss edirsən ki, Premyer Liqadan çox geri qalırlar. 3-4 komanda var ki, əsas mübarizə onların arasında gedir. Bu komandaları da hamı tanıyır. Mən ad çəkmək, kimisə aşağılamaq istəmirəm. Çünki əslində hamının şansı var. Amma Premyer Liqa ilə 1-ci liqanın səviyyəsi kəskin fərqlənir.

- “Qəbələ”yə keçəndə yəqin ki, növbəti mövsüm perspektivi və baş məşqçi amili qərarınıza təsir göstərib?

- Açığı, bura gələndə mən növbəti mövsüm barədə düşünməmişdim. Mən “İnter”də Kaxaber Sxadadzenin baş məşqçiliyi altında oynamışam. 20 yaşımda “İnter”in kapitanı idim. Yəni o vaxtdan mənə güvənir. 7-8 il birlikdə çalışmışıq. Kaxaber müəllimlə yaxşı münasibətimiz var. Həmişə mənə böyük kimi dəstək olub. Asif Məmmədovla (“Qəbələ”nin kapitanı – red) yaxın dostuq. O, mənə zəng vurub dedi ki, baş məşqçi soruşur ki, gələrmi “Qəbələ”yə? Mən də dərhal razılaşdım. Təbii, mən bilirəm ki, bu mütəxəssis “Qəbələ”də elə-belə qalmaz, gələcək planlar var. Amma bizim Premyer Liqa, yaxud da gələn mövsümlə bağlı söhbətimiz olmadı.  O, həmişə mənə dəstək olub. Buna görə mən də ona kömək etmək istədim. 

- “Qəbələ”nin təklif etdiyi maaş da sizi qane etdi?

- Təbii ki, 1-ci liqada gəlirlər də Premyer Liqadan fərqlənir. Mən bura gələndə heç maliyyə tərəfini düşünmədim. Şükür ki, hər şey qaydasındadır. Burda hamı ilə münasibətim əladır. Çünki klubda çox adamla əvvəldən tanışıq.  

- AFFA-nın yeni qərarı ilə növbəti mövsümdən Premyer Liqada komanda sayı artaraq 12 olacaq. Bu, 1-ci liqanın oyunlarında mübarizəni gərginləşdirib?

- Əslində bu qərardan əvvəl də bizim oyunlar gərgin olurdu. Yəni bütün komandalar bizə qarşı ikiqat motivasiya ilə çıxış edirlər. Digər oyunlara baxanda bu fərqi asanlıqla görmək olur. Əsasən də Qəbələdəki oyunlarda rəqiblər daha istəkli olur. Çünki bizim meydanımız oynamaq üçün ideal vəziyyətdə olur. Rəqiblərin bizə qarşı belə istəkli olması əslində yaxşıdır. Rəqabətin olması vacibdir. AFFA-nın məlum qərarından sonra isə bütün klublarda həvəs yaranıb. Hamı yer tutmaq istəyir.

- “Qəbələ”də Premey Liqa həvəsi, perspektivi necədir?

-  Bizim elə bir baş məşqçimiz var ki, bir saniyə rahat nəfəs almağa imkan vermir. İlk gündən məqsədimiz birincilikdir. Bütün oyunlara maksimum ciddi yanaşırıq. Kaxaber Sxadadzenin necə bir intizamlı komanda qurduğunu hamı bilir. Təbii ki, hədəf Premyer Liqadır. Qətiyyən rahatlıqdan söhbət gedə bilməz. Sxadadzenin yanında heç məşqdə rahat olmaq olmur, nəinki oyunda. 

- “Qəbələ” ilk qolu 14-cü turda ötən gün “İmişli” ilə oyunda buraxdı. Bu 14 oyunun hamısında qapıda siz dayanmısınız?

- Bəli, hamısında mən oynamışam. Bizim məqsədimiz bəllidir. Hamımız Premyer Liqa üçün oynayırıq. Düzdür, qol buraxmamağım yaxşıdır. Amma burda bütün komandanın əməyi var. Elə oyunlar olur ki, heç qapımın qarşısında bir dənə də olsun təhlükəli vəziyyət yaranmır. Yəni, burda iş təkcə mənlik deyil. Əsas komandanın nəticəsidir. Elə ola bilər ki, mən 0:0 hesabını yox, 5:4 qalib gəlməyi üstün tutaram.

- İndiki halda ardıcıl 13 oyunda qol buraxmamaq nədən irəli gəlir – qapıçının etibarlı oyunu, müdafiə xəttinin gücü, yoxsa rəqiblərin hücumda “dişsizliyi”?

- Mən “İnter”də çıxış edəndə 18 oyun uduzmamışdıq. Onda da baş məşçimiz Kaxaber Sxadadze idi. 18 oyunun 12-də qol buraxmadıq. Bəzən qapıda mən dururdum, bəzən də Georgi Lomaya. Elə olurdu ki, ardıcıl 3-4 oyunda qol buraxmırdıq.  

- Deməli, baş məşqçi amili də var.

- Əlbəttə. Onun komandası həmişə müdafiəyə çox fikir verir. Qol çox vurmasa da, qapını da toxunulmaz saxlayır.     

- Azərbaycan millisi ilə bağlı da fikirlərinizi bilmək istəyirəm. Millimiz DÇ-2026-nın seçmə mərhələsində Fransa-Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna ilə mübarizə aparacaq. Nəyə ümid etmək olar? 

- İndi baş məşqçi yenidir. Birdən-birə demək olmaz ki, Fransanı udaq. Belə bir istək də düzgün deyil. Elə məşqçi var ki, 1-2 ildən sonra öz komandasını formalaşdıra bilir. Məncə, bir az zaman lazımdır. Düzdür, qrupdan çıxmağımız real görünmür. Amma Millətlər Liqasında yaxşı nəticə qacanacağımıza inanıram. Çünki bizim millidə oynayan futbolçuların hamısı perspektivlidir. Millətlər Liqasında son uğursuzluq isə təsadüf nəticəsində olub.

- Milli üzvlərinin perspektivli olduğunu dediniz, amma əksəriyyətinin yaşı 30-dan çoxdur. 

- Futbolda özünü yaxşı hiss edirsənsə, yaşın elə də fərqi yoxdur. Modriç 40 yaşına azalıb. Ronaldonun yaşı 40-ı keçdi. 

- Axı bizim futbolçular onlara bənzəmir.

- Düzdür, onlara oxşamaq çətindir.

Ramiq Ağaməmmədov  

Seçilən
33
teleqraf.com

1Mənbələr