“Azərbaycan Çin Xalq Respublikası ilə münasibətlərə xüsusi önəm verir. 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında “Birgə Bəyannamə” hər iki tərəfin əlaqələrin inkişafında maraqlı olduğunu təsdiq edir”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan- Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
“Bir Kəmər, Bir Yol", “Orta Dəhliz” layihələrində iştirak və dəstək Azərbaycanın Çinlə əlaqələri gücləndirmək istəyinin ifadəsidir
Millət vəkili bildirib ki, Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biri hesab olunur. Ötən il iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7% artaraq 3.7 milyard ABŞ dollarına çatıb: “Azərbaycan Çinin təşəbbüsü olan “Bir Kəmər, Bir Yol Təşəbbüsünə” ilk qoşulan və dəstəkləyən ölkələrin sırasındadır. Eyni zamanda “Orta Dəhliz” layihəsinə də öz dəstəyini nümayiş etdirib. Bütün bunlar Azərbaycanın öz iqtisadi əlaqələrini diversifikasiya etmək niyyətinin və Çinlə əlaqələri gücləndirmək istəyinin ifadəsidir”.
Soltan Məmmədov iki ölkə arasında bütün istiqamətlərdə olduğu kimi, parlamentlərarası əməkdaşlığın inkişafında da mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb: “Parlamentlər arasında əlaqələr ikitərəfli münasibətlərin vacib komponentlərindən biridir. Bu baxımdan, Azərbaycan Milli Məclisi ilə Ümumçin Xalq Nümayəndələri Yığıncağı çox sıx əməkdaşlıq edir. COP29 çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Parlamentlərarası İttifaqla birlikdə təşkil etdiyi parlament görüşünün yekun sənədinin müzakirəsində Çin parlamentinin üzvləri fəal iştirak etdi və bir çox maraqlı təkliflər irəli sürdülər”.
Deputat bildirib ki, bir neçə gün öncə Çin Xalq Respublikasında səfəri zamanı Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədr müavini ilə görüş çərçivəsində iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığa dair müxtəlif ideyalar ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı təkliflər müzakirə edilib: “Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınınr. Bu baxımdan, bizim istənilən ölkə ilə əlaqələri inkişaf etdirmək üçün imkanlarımız var. Çinin dünya iqtisadiyyatında və qlobal siyasətdə artan rolu çox vacib amildir. Eyni zamanda Çin yaşıl enerji istehsalında da zəngin təcrübəyə malikdir. Azərbaycan Çinin bu təcrübəsindən faydalanmaqda maraqlıdır”.