AZ

"Bir Elin Manifesti" adlı ümumrespublika hekayə müsabiqəsinə start verilib

Qərbi Azərbaycan həqiqətlərinə həsr edilən "Bir Elin Manifesti" adlı birinci ümumrespublika hekayə müsabiqəsinə start verilib.

"Report"un məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd Qərbi Azərbaycanla bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına dəstək olmaqdır.

Müsabiqənin ideya müəllifi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı bildirib ki, burada iştirak üçün yaş həddi 40 müəyyən edilib.

Qeyd olunub ki, müsabiqənin yekun nəticələrinin dekabr ayının son on günündə açıqlanması nəzərdə tutulur.

Şərtlərə əsasən hekayələrin təqdim olunmasının son tarixi avqustun 15-dir. Təqdim edilən hekayə heç bir mətbuat orqanında çap olunmamış olmalıdır. Əsərlər hekayə janrı üzrə tanınmış ekspertlər tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək. Müsabiqə nəticəsində 10 hekayənin müəllifi müsabiqənin qalibi elan olunacaq və onlara pul mükafatı təqdim olunacaq.

Müsabiqənin qalibi olacaq hekayələr ingilis dilinə də tərcümə olunaraq nəşr olunacaq.

Birinci yer üzrə bir nəfər 2 000 manat, ikinci yer üzrə iki nəfər 1 500 manat, üçüncü yer üzrə üç nəfər 1 000 manat olaraq müəyyənləşdirilməklə daha dörd nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək.

Seçilən
6
report.az

1Mənbələr