Dünyanın müxtəlif ölkələrində 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü (International Book Giving Day) kimi qeyd olunur. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara Kitab Vermə Günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral Dövlətlərarası Kitab Bağışlama Günü olaraq qeyd olunmağa başlayıb.
Eyni zamanda bu gün həm də "sevgililər günü" kimi də qeyd olunur. Günün sevgililər tərəfi o qədər qabarıqdır ki, kitab günü haqda danışılmır.
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Paralel.az -a açıqlamasında bildirib ki, sevginin insan həyatında çox danışılması vacibdir.
Onun sözlərinə görə, amma nə qədər çox Kitab günü qeyd olunsa, bir o qədər yaxşıdır.
"Bugünkü günlərdə gənclərin bir-birinə sevgi, dostluq əlaməti olaraq kitab hədiyyə etməsi çox gözəldir. Azərbaycanda kitab oxuyan daha çox gənclərdir. Orta yaşdan yuxarı olan insanlar artıq kitabın onlara görə insan həyatında rolu olmadığını dərk ediblər. Əlbəttə hamısı yox. Bir qismi belə düşünür. Amma gənclər başa düşürlər ki, müasir dünyada əgər karyerasında, şəxsi inkişafında, ailə həyatında irəli getmək və nizamlı yaşamaq istəyirlərsə mütləq gündəlik həyatında mütaliə etməlidirlər, düşünərək addım atmalıdırlar.
Gənclər Ceyms Klirin "Atomik vərdişlər", Napoleon Hillin "Düşün və varlan", Çarlz Dahiqin "Vərdişin gücü", Brayan Treysinin "Bəhanələrə yox", Stiven Kovinin "Yüksǝk effektli insanların yeddi vǝrdişi" kitablarını oxusunlar. Dünya ədəbiyyatından Con Steynbekin "Mirvari", "Siçanlar və adamlar", Ernest Heminqueyin "Kilimancaro qarları", Səməd Behrənginin "Balaca qara balıq", Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri "Balaca şahzadə", Lev Tolstoyun "İnsan nə ilə yaşar", mini klassika seriyasından Anton Çexovun "Mənim həyatım", "Çöl" kimi kitabları mütləq oxusunlar. Bunlar hamısı tez oxunan, amma çox təsirli kitablardır. Müasir dünyadan Yuval Noah Hararinin, Riçard Dokinzin əsərlərini oxumalıdırlar. Daron Acemoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir”, "Dar dəhliz" kitablarını mütləq oxusunlar".
Həmidə İbrahimova