Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, Nizami rayonu ərazisində də abadlıq-quruculuq və yenidənqurma işləri çərçivəsində məhəllələrin, binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri davamlı şəkildə həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, növbəti ünvanda – Naxçıvanski küçəsində 38 və 48 saylı binaları əhatə edən məhəllədə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd olunan ünvanlarda binaların fasadları, girişləri, pilləkən qəfəsələri təmir edilərək boyanıb, pəncərələr və giriş qapıları yenilənib, binaların əhatə etdiyi həyətə yeni asfalt örtüyü salınıb, səki daşları qoyulub. Ərazidə, həmçinin azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydança, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları quraşdırıldığı idman meydançası yaradılıb, söhbətgahlar, oturacaqlar, kiçik tullantılar üçün qutular qoyulub. Bundan əlavə, işıq və kamera dirəkləri qoyulub, müşahidə kameraları quraşdırılıb.
Məhəllədə mövcud yaşıllıqların bərpası ilə yanaşı mövsümi güllər və 2500-ə yaxın həmişəyaşıl kol əkilib, yaşıllıq örtüyü salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilib. Eyni zamanda, Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, məhəllə sakinlərinin iştirakı ilə ərazidə əlavə 100 ədəd şam ağacı əkilib.