Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − Emina Sabir qızı Səmədzadə, İlkin Feyruz oğlu Novruzov və Elçin Qənimət oğlu Süleymanova məxsus 3 balıq satışı məntəqəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən olunub.
AQTA-dan AZƏRTAC-a verilən məlumata görə, ümumi çəkisi 73 kiloqram olan müxtəlif çəkili böyük qablaşdırmalarda Çin və Rusiyadan idxal edilmiş kürülərin kustar üsulla 100-150 qramlıq qablarda qablaşdırılmaqla qanunazidd olaraq “Azerbaijan Caviar” adı ilə etiketlənib satışının həyata keçirildiyi məlum olub. Yoxlama zamanı 655 ədəd “Azerbaijan Caviar” yazılı qutular və etiketlər də aşkarlanıb.
Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluq aşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqla istehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yolu ilə satışa çıxarılan məhsullar dövriyyədən çıxarılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.