"Lazer Beauty Klinikası"nın lisenziyası ləğv edilir.
Paytaxt.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Bildirilir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.
Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyət göstərilməsi aşkar olunub.
Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib.
Həmçinin müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görüldüyü bildirilib.