İngiltərə Premyer Liqasında və UEFA Çempionlar Liqasında çempionluq mübarizəsi aparan “Mançester Siti” daha bir ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Manuel Akanji, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid”ə qarşı keçirilən və 3:2 hesabı ilə məğlub olduqları oyunda zədələnib.
Baş məşqçi Pep Qvardiola verdiyi açıqlamada Akanjinin 15 fevralda əməliyyat olunacağını və onun ən azı 8-10 həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib. Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu mövsümün qalan hissəsini buraxmaq təhlükəsi ilə üz-üzədir. Ən yaxşı halda, o, aprel ayının sonlarına doğru komandaya qoşula bilər.
Bu mövsüm “Mançester Siti”nin heyətində 30 oyuna çıxan və müdafiənin əsas fiqurlarından birinə çevrilən Akanjinin yoxluğu, xüsusilə də həlledici oyunlar öncəsi Qvardiola üçün ciddi problem yarada bilər.