AZ

Reşat Nuri Güntəkinin “Acımak” romanında duyğu və məntiq qarşıdurması

Reşat Nuri Güntəkin Osmanlı İmperayasının son illərində yaşamış bir ziyalı kimi Cümhuriyyətin dövlət ideologiyası şəklini alan sosial-iqtisadi dəyişiklikləri dəstəkləmiş və bunu zaman-zaman yazılarında əks etdirmişdir. İşinə görə Anadoluya, onun problemlərinə yaxından bələd olan müəllif bəzən köhnə ilə yenini müqayisə edərək, onların mənşəyini oxucuya çatdırırdı.

Cəmiyyətdəki mövqeyi ilə şəxsi maraqları, arzuları ilə xarici aləmin reallığı, duyğuları və məntiqi arasında yaşadığı qarşıdurmasına görə daim öz içində faciə daşıyan bir insanın hekayəsi kimi qələmə alınan "Acımak" yazıçının səkkizinci romanıdır və 1928-ci ildə işıq üzü görüb.

Əsərin mərkəzində "mərhəmət" hissi dayanır. Hesab edirik ki, mərhəmət insanın emosional tərəfini göstərən simvol kimi şərh edilə bilər. Bu baxımdan "Acımak" romanı həyatlarında duyğuları ilə məntiq arasında tarazlıq tapa bilməyən insanlardan bəhs edir. Çünki nsanlar emosional və məntiqi cəhətləri olan varlıqlardır. Fikrimizcə, "Acımak" romanı ədəbi əsərin dilə gətirilməmiş hissəsi kimi insan duyğuları və məntiqindəki çatışmazlıqları üzə çıxaran və onlar arasında saxlanmalı olan tarazlığı önə çəkən bir əsərdir.

Sözügedən əsas mövzu əsərin iki mərkəzi personajı: Mürşid Əfəndi və Zəhra ilə təmsil olunur. Mürşid Əfəndi, insanın emosional tərəfi; Zəhra məntiqi tərəfi təmsil edir.

Mürşid Əfəndi o qədər sadəlövh idi ki, ali məktəbsə dövlət qulluğu fakültəsini bitirdikdən sonra yüksək vəzifələrdə heç bir tanışı olmadan, sadəcə, diplomuna görə asanlıqla iş tapa biləcəyini düşünürdü. O, dövlət qulluqçusu kimi gələcəyinə çox nikbin baxır. Ətrafındakı degenerasiyaya uğramış məmurlara qarşı emosional olur və bu səbəbdən problemlər yaşayır. Mürşid Əfəndi işlədiyi şəhərin əhalisinə yazığı gəlir, onların problemlərini qanuni prosedurlardan yan keçərək həll etməyə çalışır ki, bu da onların araşdırılması və onun tərcümeyi halının ləkələnməsi ilə nəticələnir. O, hadisələrə məntiqi yox, emosional prizmadan yanaşdığı üçün idarəçisi Nəsuh müəllimin ondan əxlaqsız hərəkətləri üçün istifadə etdiyini dərk etmir. Həqiqəti öyrəndikdə çox emosional reaksiya verir və buna görə də haqsız bir vəziyyətə düşür. Fadil əfəndiyə yazığı gəlir və ona ömrünün son anlarında yardım edir. Fadil əfəndi vəfat edəndə arvad-uşağına yazığı gəlir, borclarını ödəməyə kömək edir; Və yenə eyni hisslərə görə o, Meveddedlə evlənir. Həyat yoldaşı və qayınanasının emosional təsiri altında olduğu üçün maddi vəziyyətini pisləşdirən xərclər edir. Arvadına yazığı gələrək ona bahalı paltarlar, zinət əşyaları alır. Evinə bahalı pərdələr sifariş edir, aşpaz tutur. Arvadının "xəstəliyinə" görə ona yazığı gəlir və Hafizi evinə qəbul edir ki, yorulmasın. Qayınanasının mələk qadın olduğuna inandığı üçün onun Hafizlə əxlqasız həyatı yaşadığının fərqində varmır. Arvadının xəstəlik hiylələrinə inanır, ailəsini İstanbula köçürür. Arvadı və qayınanası haqqında həqiqəti öyrəndikdə, emosional çöküş yaşayır; Lakin o, etməli olduğu işdən çox, həyat yoldaşının və qayınanasının istədiyini etməyə davam edir. Oğurluq edir, rüşvətxorluq edir və spirtli içki aludəçisi olur. Arvadının onu Nəcip bəylə aldatdığını biləndə uşaqlarına yazığı gəldiyi üçün evliliyi bitirə bilmir. Ona görə də özünü və övladlarını bütün bu bataqlıqdan qoruya bilmir. Zəhranın internat məktəbinə göndərilməsi, işlədiyi ərazidə müəllimlik qabiliyyəti olmayan qocanın işdən çıxarılması Mürşid əfəndinin verdiyi nadir müdrik qərarlardandır.

Mürşid Əfəndinin hərəkətlərində duyğularının belə qabarıq rol oynaması onun həyatı boyu çəkdiyi iztirablara və uğursuzluqlara səbəb olur. Bu vəziyyət duyğular dünyası ilə məntiq arasında tarazlıq qura bilməyən insanların real həyatda yaşaya biləcəyi məyusluqların ifadəsidir. Bu baxımdan Mürşid Əfəndinin puç olmuş həyatında onun qızı əsas rol oynayacaq.

Zəhra uşaqlıqda yaşadıqlarına görə acizliyə və emosionallığa qapalıdır. O, atasını inkar edir, çünki onun yaşadığı bütün mənfiliklərin mənbəyi olduğuna inanır. Məktəb illərində eyni sinifdə oxuduğu insanlarla heç bir emosional yaxınlıq yaratmır. O, dərs deyərkən dərsdə aşağı nəticə göstərən şagirdlərə qarşı son dərəcə amansız davranır, geyimini bəyənmədiyi şagirdləri məktəbə buraxmır, onların haqlı səbəblərinə məhəl qoymur. Gecikmiş şagirdlərlə də eyni cür davranır. Məktəbin həyətindəki zəif ağaclara belə dözə bilmir.

Zəhra başqalarının xeyrinə işləyən makinaya çevrilir. O, otuz yaşı olmasına baxmayaraq, evli deyildi və heç vaxt evlənməyəcəyinə söz vermişdi. Əsərdə Zəhranın emosionallıqdan bu qədər uzaq olması onda mərhəmət hissinin olmaması ilə rəmzləşir. Onun gözəl şəxsiyyət olmasına əngəl olan yeganə şey budur. "Şəfqət... Mən əminəm ki, insan ruhunun dərinliyi ancaq onunla ölçülə bilər. Bəli, dibsiz bir çuxura atılan bir daş çıxardığı səslə öz dərinliyini göstərdiyi kimi, ürəyimizə düşən başqalarının acısı da çıxardığı səslə bizə özümüzü, insanlığımızın ölçüsünü öyrədir... Məncə, həqiqət xəstəliyi, ədalət və haqq məsələsi ətrafında birləşmək özlüyündə cəmiyyəti xoşbəxt etmək üçün kifayət edə bilməz..."  kimi müəllifin sözlərindən də bu sübüt olunur.

Əsərin əsas mövzusu ətrafında formalaşan digər fonlar bürokratiyanın yaratdığı mənfiliklər, ucqarlarda yaşayan insanlara qarşı etinasızlıq, təhsil sahəsində yaranan problemlər, mənəvi pozğunluqlar və onların ailəyə mənfi təsiridir.

Bürokratiyanın yaratdığı problemlər Mürşid Əfəndinin təcrübəsi ilə çatdırılır. Yaşadığı ərazidə su probleminin həllində fədakarlıqla çalışan Mürşid Əfəndi qanuni prosedurlara tam əməl etmədiyi üçün böhtanlara məruz qalıb, sürgünə göndərilir:

"Pul qurtaranda şəhərin varlı adamlarının yanına qaçdım və dilənçi kimi ianə və ya borc istədim. Bir gün toz-torpaq içində fəhlələrlə işləyirdim. Çox səliqəli geyinmiş iki bəy vaqonda gəldilər. Onlar əmlak müfəttişləri idilər.  Dərhal işdən uzaqlaşdırıldım və əmrləri yazmağa başladılar. Mənim bir yox, çox günahım var idi. Əyalətdən heç bir aydın göstəriş almadan işə başladım. Müzakirələr qaydalara uyğun aparılmayıb. Qanunsuz daha çox pul köçürdüm... İnsanlara təzyiq edərək pul aldım. Bəzi təhqirlərə səbəb oldum, Allahım, Allahım... Ancaq müfəttişlər çox anlayışlı, insanpərvər insanlar çıxdı. İstəsələr, məni həmişəlik dövlət qulluğundan uzaqlaşdırıb məhkəməyə verə bilərdilər".

Dövlətin fəaliyyətində yaranan problemlər ilk dəfə Mürşid Əfəndinin məmur vəzifəsinə təyin edilməsi zamanı özünü büruzə verdi. Yüksək vəzifələrdə heç bir tanışı olmayan Mürşid Əfəndi dövlət qulluğunda vəzifə tutmaq üçün qapı-qapı gəzib hamının ətəyindən öpməyə məcbur olur. Xidməti zamanı o, ləyaqətdən çox, tərəfdarlığın yaxşı işə düzəlmək üçün daha təsirli bir vasitə olduğunun şahidi olur:

"Vilayətlərdən birinə vali təyin olunacaq. Çox çalışqan və anlayışlı bir gənc olduğumu nəzərə aldılar və məni bəyəndilər. Müalicəm başa çatmaq üzrə idi. Elə bu vaxt bir xəbər çıxdı. Məndən kiçik və səriştəsi az olan başqa bir gənci bu vilayətə vali təyin etdilər".

Əsərin digər ikinci dərəcəli mövzusu o dövrdə Anadoluya olan mənfi münasibət idi. Mürşid Əfəndinin bəzi dostları Anadoluya göndərilmək istəmirlər. Çünki Anadolu hər cəhətdən İstanbuldan geridə idi. Anadoluda insanlar çirklənmiş sudan ölür və təhlükəsizlik çox azdır. Mürşid Əfəndinin dəftərinə qeyd etdiyi aşağıdakı cümlələr olduqca təsir edicidir:

"Bir gün dəhşətli qəzada mənə daş atdılar. Bir gün Vana gedən yolda özlərini millətçi adlandıran ermənilərin hücumuna məruz qaldım. Bir gün bir ölkədən digərinə səyahət edərkən quldurlar tərəfindən qarət olundum. Bir dəfə qayadan yıxıldım və atım öldü".

Anadolu xalqı çox ibtidai şəraitdə və bacarıqsız insanlar tərəfindən təhsil alıb. Görünür, Mürşid Əfəndinin işdən çıxardığı ibtidai sinif müəlliminə məhz bu vəziyyəti təsvir etmək tapşırılıb:

"Burada işləməyə başlayandan bir həftə sonra qırx-əlli imzalı ərizə aldım. Ərazidəki ibtidai müəllimlərdən birinin haqqında şikayət var idi: son dərəcə nadan, xəsis və bərbad qoca idi... Davamlı olaraq tələbələrinin ailələrinə baş çəkər, pul istəyirdi... Axşamlar kürəyində zənbillə bazarı gəzər, baqqalların, tərəvəz satanların qabağında dayanar, deyirdi: "Mən sənin övladlarının müəllimiyəm... Mən sənin övladlarının müəllimiyəm!" Dərs vaxtı sinifdən çıxıb uşaqların yemək çantasını eşələyir, onların küftəsini, yumurtasını, pendirini oğurlayırdı..."

Əsərdə əxlaqi çürümə, onun ailə həyatına təsiri Mürşid Əfəndinin dramı vasitəsilə oxucuya çatdırılır. Mevedded yoldaşını aldadır və ailəsini fəlakətə sürükləyir. Onun bacısı Rüxsar da eyni şəkildə ərini aldadır və bunun əvəzini həyatı ilə ödəyir. Mürşid Əfəndinin qayınanası da Hafizlə əxlaqsız münasibətdədir. Üstəlik bu qadın da qızlarının əxlaqsızlığına görə məsuliyyət daşıyır. Ailənin bu mənəvi zəifliyi hələ uşaq olan Mürşid Əfəndinin  qızı Ferihaya da sirayət edir və onun ölümünə səbəb olur.

Əsərin əsas problemi isə boşanmış valideynlərin övladı olmaqdır. Belə ki, bu uşaqlar valideynlərinin ayrılmasına görə böyük travma yaşaması ilə yanaşı, əsasən ataya qarşı düşmən mövqedə böyüdülür. Ayrılma səbəbindən asılı olmayaraq, uşaq ataya qarşı böyük nifrət hissi duymağa başlayır. Çünki, onlar ailəni dağılma səbəbininməhz atadan qaynaqlandığını düşünür. Əlbəttə bu hər zaman belə olmur. Bu bir tərəfli yanaşmadır və istisnalar da az deyil.

Sonda onu da qeyd edək ki, Rəşad Nuri bütün romanlarının mövzusu əsasən öz dövründən götürüb  və  yaşadığı mühitin problemlərinə toxunub. Romanın hadisələri üç-dörd gün ərzində cərəyan etməsinə baxmayaraq Mürşid Əfəndinin gündəliyi bizə təxminən otuz beş il geriyə getməyə imkan verir. Əsərdə "qayıtdığımdan on il keçdi"  kimi ifadələrlə zaman boşluqları verilmişdir.

Əsərdə təsvir olunan hadisələrin ilk cərəyan etdiyi yer təhsil müdirinin kabinetidir. Lakin bu yer haqqında ətraflı məlumat verilməyib. Bu yer haqqında ilk təfərrüat Zəhranın işlədiyi məktəbdir. Məktəbin həyəti haqqında deyilənlər məkanla insanlar arasında psixoloji əlaqəni əks etdirmək baxımından maraqlıdır.

Romanda coğrafi mühitdən çox insan mühiti təsvir edilir. Çox yer təsvir edilmir. Lakin memuarda təsvir olunan hadisələrin cərəyan etdiyi mühit kifayət qədər genişdir. Bu hissələrdə Anadoludan bir məkan olaraq istifadə edildiyini söyləmək olar.

Reşat Nuri Güntekinin uzun illər kütlələr arasında məşhur olmasının ən mühüm səbəbi onun üslubudur. Reşat Nurinin bu qədər oxunmasının ən mühüm səbəbi onun aydın dili, yüngül ironiyası, eləcə də bütün əsərlərinə nüfuz edən sevgi dolu və tolerant baxışıdır. Amma Reşat Nurinin başqa bir səciyyəvi cəhəti odur ki, o, adətən bir-iki sətirlə danışıla bilən sadə süjetli romanlarını bir növ xalq dastançısı kimi nəql edir. Eyni zamanda o, yuxarıda sadaladığım xüsusiyyətlərə malik olmaqla çox ehtiyatlı bir tənqidçi kimi də görünür. Rəşad Nurinin romanları çox qatlıdır. Yuxarıda gözəl insanlar və onların sərgüzəştləri var. Oxucu bəyəndiyi personajların sərgüzəştlərini öyrənmək üçün səhifələri vərəqlədikcə müəllifin xarakterinin başqa cəhətləri ilə də rastlaşır. Cümhuriyyət dövrünün romanlarında çoxlu sosial tənqid var. Lakin bu məsələlərin heç biri Reşat Nuri qədər əhatəli şəkildə həll olunmayıb. Rəşad Nuridə ən sərt tənqid belə oxucunu dəf etmir. Oxucu bir az fikirləşəndə az qala bu personajlarla "identifikasiya" edir.

Əsərin qəhrəmanlarının birtərəfli, sadə insanlar olduğunu deyə bilərik. İnsanları asanlıqla yaxşı və pis kimi təsnif etmək olar. Əsərin ikinci hissəsi kimi düşünülmüş Mürşid Əfəndinin gündəliyində deyilən əhvalatlar əsərin mərkəzində dayanan şəxsiyyətlərə münasibətdə xeyir və şərin bu təsnifatını kökündən dəyişdirir. Bu süjet romanda simmetrik struktur, bütövlük yaradır.

Reşat Nuri bu romanında oxucunu Anadolu xalqını yaşadıqları sosial-iqtisadi şərtləri özündə ehtiva edən ümumi bir prizmadan tanıtdırır. Vilayətin problemləri Mürşid Əfəndinin gündəliyində açıqlanmışdır. Bu münasibəti yeni Türkiyə dövlətinin idarəçilərinə problemləri müəyyən etməkdə kömək etmək və ya ölkə səviyyəsində mövcud nəticələri təsdiqləmək kimi şərh etmək olar. Üstəlik, əsərdə mühüm yer tutan qeyri-funksional dövlət bürokratiyası və onun mərkəzindəki insan tipi də "Acımak"da bütün reallığı ilə mövcuddur.

"Acımak" iki əyalət məmurunun şəxsi və iş həyatından bəhs etsə də, əslində mövzu insani bir fenomeni ifadə edir: emosional və məntiqi cəhətlərinin harmoniyası ilə bütövlük təşkil etməyi bacaran insanın bu iki cəhətdən birinin olmadığı təqdirdə, həyatın tarazlığını və bütövlüyünü itirməsi, ideal həyat sürə bilməyəcəyi fikrini. Romanın iki əsas personajı Mürşid Əfəndi və Zəhra haqqında bəhs etdiyimiz qarşıdurmadır və bununla da mətnin niyyətini məhz bu şəkildə oxumağa imkan verir.

Bütün həyatı mənfiliklərə cavab olaraq Zəhra öz həyatını məntiq əsasında sərt qaydalar əsasında qurmaq istəsə də, tam uğur qazana, tam şəxsiyyət ola bilmir. Əsərdə Zəhranın duyğusuz səciyyələndirilməsi onun insani nöqsanlarını üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Atası və keçmişi ilə bağlı həqiqətləri öyrəndikdən və emosional qeyri-adekvatlığını aradan qaldırdıqdan sonra Zəhra əsl insan olur.

Romanın diqqət çəkən digər cəhəti onun birtərəfli olmağa qarşı mövqeyidir. Duyğu və düşüncə aləmində tarazlığa nail olmağın vacibliyini vurğulayan əsərdə birtərəfli baxış bu tarazlığa nail ola bilməyənlərin diqqətini çəkir. Zəhra yaşananlara görə bütün məsuliyyəti birtərəfli olaraq atasının üzərinə qoyur. Şagirdlərinin, şəhər əhalisinin səhvlərinə birtərəfli qiymət verir. Mürşid Əfəndinin həyata baxışı da birtərəflidir. Onun emosionallığı məntiqi arxa plana keçirirdi. Hər iki qəhrəman müəyyən dönüş nöqtəsindən sonra birtərəflilikdən uzaqlaşır. Lakin Mürşid Əfəndi yuxarıda qeyd etdiyimiz birtərəflilikdən qurtulur, artıq bunu öz davranışında əks etdirməyə iradəsi yox idi. O, son iradəsini Zəhranı internat məktəbinə göndərməklə tükəndirir. Ona görə də o, tam bir şəxsiyyət olar bilmir. Əsərdə Zəhranın birtərəfli nöqteyi-nəzərindən qurtulması onun yetkinləşməsinə, bütöv bir şəxsiyyətə çevrilməsinə şərait yaradır. Bu vəziyyət bir cümlə ilə oxucuya çatdırılır: "Zehra, bir neçə gün  sonra Anadoludakı məktıbinə döndü. Müəllimin artıq bir əksiyi qalmamıştı. Acımayı öyrənmişdi". Romanın bu cümlələr ilə bitməsi Mürşid Əfəndi ilə bağlı bir qədər əvvəl qeyd etdiyimiz davranış ölçüsünün yarımçıq olduğu təəssüratı yaratsa da, Zəhranın onun xatirə dəftəri sayəsində məlumatlanması və məhz onun sayəsində ziyalı olması oxucunun beynindəki bu təəssüratı aradan qaldırır. Bu birtərəflilik texniki cəhətdən dəstəklənir və əsərdə hadisələrin müəyyən personajlar prizmasından nəqli sayəsində reallaşır. İlk bölümdə Zəhra keçmişi ilə bağlı məlumatları açıqladıqda eyni hadisələri ikinci hissədə Mürşid Əfəndi nəql edir. Mürşid Əfəndinin ailəsində baş verən hadisələr əvvəlcə qayınanasının nəzərindən nəql olunsa da, sonrakı səhifələrdə bu hadisələr Əbdüsəməd bəy tərəfindən nəql edilir. Bu rəvayət forması maraq elementini artırmaqla yanaşı, əsərə xüsusi axıcılıq da verir.

Məlahət Babayeva

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
olaylar.az

1Mənbələr