AZ

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib YENİLƏNİB

Məzahir Pənahovun sədrliyi ilə fevralın 14-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələrinin və digər maraqlı subyektlərin iştirak etdiyi iclasda 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin ümumi yekunlarına dair məsələlərə baxılıb.

Öncə seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülən işlər və reallaşdırılan irimiqyaslı layihələrdən danışılıb. Diqqətə çatdırılıb ki, bütün seçki kampaniyası ərzində proseslərin başlıca mərhələləri və digər zəruri tədbirlər qanunvericiliyin tələblərinə uyğun, vaxtında və keyfiyyətlə gerçəkləşdirilib.

Bildirilib ki, ötən il ölkədə keçirilən iki mühüm seçki zamanı ard-arda silsilə maarifləndirmə layihələri reallaşdırılsa da, spesifik xarakteristikasından irəli gələrək bələdiyyə seçkilərində də MSK-nın proqramına uyğun olaraq, əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə çoxsaylı maarifləndirmə layihələri həyata keçirilib.

Həmçinin qeyd olunub ki, bələdiyyə seçkiləri 125 seçki dairəsinin 118-də, 5846 seçki məntəqəsi üzrə keçirilib. Ölkədəki 685 bələdiyyəni əhatə edən seçkilərdə 8071 bələdiyyə üzvlüyü uğrunda 16092 namizəd azad seçki mübarizəsi aparıb. MSK siyasi partiyaların budəfəki bələdiyyə seçkilərində xüsusi fəallıq nümayiş etdirməsini və 23 siyasi partiyanın öz namizədləri ilə seçkilərdə iştirakını bələdiyyə seçkilərinə geniş ictimai-siyasi marağın göstəricisi kimi təqdirlə vurğulayıb, seçki bülletenlərinə daxil edilən namizədlərin yarıdan çoxunun siyasi partiyalar tərəfindən irəli sürülənlər olmasına diqqət çəkib. Siyasi partiya mənsubiyyəti üzrə nəzərə alındıqda isə, adları seçki bülletenlərinə daxil edilənlər arasında 24 siyasi partiyanın namizədləri olduğu deyilib.

O da bildirilib ki, seçkiqabağı təşviqat kampaniyası dövründə bütün namizədlərə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə, bütün ölkə ərazisində 3730-u açıq və 2182-si qapalı olmaqla, ümumilikdə 5912 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və onlar sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən də ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı görüşlərini keçiriblər. Təşviqat kampaniyası dövründə plakatların və digər çap materiallarının yerləşdirilməsi üçün digər yerlərlə yanaşı, məhz bu məqsədlə quraşdırılmış on mindən çox xüsusi məlumat lövhələri də təşviqat subyektlərinin sərəncamında olub. Seçkiqabağı təşviqat məqsədilə ödənişli efir vaxtı təklif etmiş 20 media qurumu tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb. Təşviqat subyektləri onlar üçün yaradılan bərabər şərait və imkanlardan səmərəli istifadə edərək öz təşviqatlarını aparıblar. Ümumiyyətlə seçkiqabağı təşviqat kampaniyası sakit atmosferdə, sivil və müasir tələblərə cavab verən şəkildə keçib.

Xüsusilə vurğulanıb ki, bələdiyyə seçkilərində akkreditasiyadan keçən 70625 müşahidəçinin 26260-ı 24 siyasi partiyanı təmsil edib ki, bu da siyasi partiyaların seçkilərə olan yüksək marağının daha bir göstəricisidir.

Seçkilərdə şəffaflığın təmin olunmasından danışılarkən məmnuniyyətlə qeyd olunub ki, bələdiyyə seçkilərində 118 seçki dairəsi üzrə 1000 məntəqədə quraşdırılan və müasir standartlara cavab verən, ən yüksək görüntü effektinə malik veb-kameralar vasitəsilə seçki günü internet istifadəçilərinə istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə biliblər.

Komissiyanın müzakirəsi zamanı media mənsublarının seçkilərdəki fəallığından da bəhs olunaraq bildirilib ki, bütövlükdə seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə həm müşahidəçilərə, həm də media nümayəndələrinə öz fəaliyyətlərini maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Respublikada fəaliyyət göstərən yerli media subyektlərinin nümayəndələri heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst şəkildə seçkiləri işıqlandırıblar.

MSK-nın iclasında seçki günü proseslərinə də toxunulub və qeyd olunub ki, həmin gün seçicilər azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ölkə üzrə seçicilərin 31,42 faizi səsvermədə iştirak edib. Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, gün ərzində 5 dəfə ictimaiyyət seçicilərin fəallığı barədə məlumatlandırılıb. Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Ardınca seçki məntəqələrinin protokol məlumatları birbaşa onlayn rejimdə qəbul edilərək Komissiyanın internet səhifəsində yerləşdirilib. Beləliklə, səsvermə başa çatdıqdan bir neçə saat sonra, elə həmin gün seçki keçirilən bələdiyyələrin 96,35 faizini əhatə edən məlumatlar əsasında ilkin nəticələr ictimaiyyətin diqqətinə çatdırılıb ki, bu da seçkilərdə şəffaflığın təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Səsvermənin nəticələrinə dair məlumatların seçki məntəqələrindən birbaşa qəbulu prosesi arasıkəsilmədən davam etdirilərək, qısa müddət ərzində bütün seçki məntəqələri üzrə tam ilkin nəticələr MSK-nın internet səhifəsinə ötürülməklə ictimailəşdirilib. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

İclasda, həmçinin bildirilib ki, səsvermə günü MSK və ya aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət və ya müraciət daxil olmayıb. Həmin gün MSK-nın 115 saylı və elektron qaynar xətlərinə daxil olan 338 sorğu və məlumat xarakterli müraciətə isə dərhal reaksiya verilərək lazımi addımlar atılıb. Seçki günündən sonra bələdiyyə seçkilərinə yekun vurulanadək MSK-ya daxil olan müraciətlər və müxtəlif mənbələrdən əldə edilən məlumatlar vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə ərizəçilərin və maraqlı subyektlərin bilavasitə iştirakı ilə hərtərəfli, obyektiv və şəffaf araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq açıq müzakirə olunub və əsaslandırılmış qərarlar verilib. Şəffaflığın daha geniş miqyasda təmin edilməsi üçün daxil olan müraciətlərə dair araşdırma və baxılma prosesinin gedişatını əks etdirən məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilərək maraqlı tərəflərə və bütün ictimaiyyətə təqdim olunub.

Eyni zamanda diqqətə çatdırılıb ki, dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər də MSK tərəfindən tam, obyektiv və hərtərəfli yoxlanılıb. Bununla bərabər, səsvermə günü müxtəlif mənbələrdən, hətta rəqəmsal platformalarda olan məlumatlar belə fərqli alternativ resurslardan, eləcə də seçki məntəqələrində quraşdırılan veb-kameraların görüntülərindən istifadə edilməklə mümkün qədər geniş, hərtərəfli və diqqətlə araşdırılıb.

Komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində, habelə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilərdə seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından, sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin və adıçəkilən bələdiyyələr üzrə seçkilərin etibarsız hesab edilməsinə qərar verilib.

O cümlədən seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsində yol verilən nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44, 46 saylı və 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.

İclasda o da xatırladılıb ki, əvvəlki araşdırmaların nəticəsi olaraq, MSK-nın müvafiq qərarları ilə ümumilikdə 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri və 1 bələdiyyəyə seçkilər etibarsız hesab edilib. Həmçinin səsvermənin ilkin nəticələrinə görə bələdiyyə üzvü seçilənlərdən biri sonradan vəfat etdiyi üçün 1 bələdiyyə tam tərkibdə formalaşmayıb.

Beləliklə, MSK-nın yekdilliklə qəbul etdiyi qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməklə baş tutan bələdiyyə seçkilərində, ümumilikdə 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin və 3 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması nəzərə alınmaqla 8039 nəfər bələdiyyə üzvü seçilib, 1 bələdiyyə tam olmayan və 681 bələdiyyə isə tam tərkibdə formalaşıb.

İclasın sonunda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

Seçilən
58
3
xalqqazeti.az

10Mənbələr