Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun övladları, eləcə də sabiq deputat Hüseyn Abdullayev əfv üçün Prezident İlham Əliyevə müraciət ediblər. Onların bu addımı müzakirələrə səbəb olub.
Adıçəkilən şəxslərin ölkə başçısına müraciəti nəzərə alınacaqmı? Eldar Həsənovun və Hüseyn Abdullayevin azadlığa çıxma ehtimalları varmı?
Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, hər şey ölkə başçısının sərəncamından asılıdır.
O, hər iki şəxsin də azadlığa çıxmasını istədiyini qeyd edib:
“Hər ikisi ilə bağlı görüşlərdə də danışırıq. Ombudsman Səbinə Əliyevanın da yanında bu barədə danışdıq. Hər müraciətdə ümidimiz artır. Artıq uzun müddətdir cəza çəkirlər. Düzü, Hüseyn Abdullayevin anasına ürəyim ağrıyır. Adam o qədər əzab çəkir ki… “Quska” özü də prezidentə məktub yazıb. Çox istərdim ki, Eldar Həsənov da, Hüseyn Abdullayev də azadlığa çıxsınlar. Arzu edərdim İlham Əliyev onları doğmalarına bağışlasın”.
N.Cəfəroğlu bu dəfə çox insanın azadlığa çıxacağını düşünür:
“Düşmənlərimiz çoxdur. Hamımızın bir olmağımız yaxşıdır. Düzü, həbs olunan jurnalist xanımların da azadlığa çıxmasını istərdim. O qızlar da uşaqdılar, yanlış bir ortama düşüblər. Ümid edirəm ki, ölkə başçısı hər kəsi sevindirəcək”.
Hüseyn Abdullayevin vəkili Cavad Cavadov da hər şeyin ölkə başçısının qərarından asılı olduğunu deyib:
“Ümid edirəm ki, müraciətin müsbət nəticəsi olacaq. Çünki Hüseyn Abdullayev kifayət qədər həbs həyatı yaşayıb. Özünün, anasının səhhəti yaxşı deyil. Düşünürəm, bu dəfə o, azad olunacaq”.
Xatırladaq ki, Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunur. Belə ki, keçmiş səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. O, 21 yanvar 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hüseyn Abdullayev isə 2018-ci ilin aprel ayında İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həbs müddətinin bitməsinə bir neçə ay qalmış onun barəsində yenidən cinayət işi açıldı və hazırda məhkəməsi davam edir.