“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir. Belə ki, APA-ya hökumətdəki mənbələrdən verilən məlumata görə, sözügedən media orqanlarının redaksiyaları bağlanacaq. Səbəbi isə xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etməklə əlaqələndirirlər.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu tarixi mərhələyə daxil olduğumuzu vurğulayıb:
“Qlobal imperialist dövlətlər bu günə qədər istifadə olunan alətlərin effektinin itdiyini görürlər. Söhbət insan haqları təşkilatları, media orqanları və bu qəbildən olan alətlərdən gedir. Baş verən intellektual inqilablar kontekstində bunlar ifşa edilmiş oldu. Misal üçün, Moskva heç kəsi inandıra bilmir ki, “Rus Evi” təkcə mədəniyyət elçisidir. Ya da ABŞ USAİD-in sadəcə beynəlxalq inkişaf agentliyi olduğunu sübut edə bilmir. “BBC News Azərbaycanca”, “Azadlıq radiosu” da təkcə media qurumu deyil”.
Hikmət Babaoğlu
Deputat deyib ki, qeyd edilən qurumlar insanları sadəcə istismar etmək, onları aldatmaq üçündür:
“Bütün bunlar məsuliyyətdən yayınma cəhdidir. Turan İnformasiya Agentliyi, “Sputnik Azərbaycan”, “BBC News Azərbaycanca”, “Azadlıq radiosu” faktiki olaraq imperializmə xidmət edir. Onlar həm də müəyyən güclərin təsir alətidir”.
Qeyd edək ki, “Sputnik-Azərbaycan” Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərir.