2023-cü ilin fevralında Tərtərdə həyat yoldaşı, 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirən Asəf Məmmədova hökm oxunub.
1969-cu il təvəllüdlü A.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib.
İstintaq vaxtı A.Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı G.Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib.
Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnar Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi olub.
Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda - G.Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş (Qafqazinfo).