AZ

Sevil Mikayılova Nyu-Yorkda BMT dinləmələrində çıxış edib - VİDEO - FOTO

Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova fevralın 14-də IPU-nun Nyu-Yorkda "Dayanıqlı İnkişaf Məqsədlərinin genişləndirilməsi: maliyyə, institutlar və siyasət" mövzusunda BMT-də keçirilən parlament dinləmələrində çıxış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dinləmələr çərçivəsində keçirilən "İnkişaf üçün Əməkdaşlıq və Dayanıqlı İnkişaf Məqsədləri (DİM): Yardımın səmərəliliyinin maksimuma çatdırılması" mövzusunda müzakirələrdə iştirak edərək, S.Mikayılova qeyd edib ki, DİM-lərə nail olmaq üzrə yardımın səmərəliliyinin artırılması üçün beynəlxalq maliyyə institutlarının fəal roluna ehtiyac var.

"Dayanıqlı İnkişaf Məqsədləri 2030-cu ilə qədər onlara nail olmaq məqsədi ilə 2015-ci ildə qəbul edilib. Bununla belə, bu müddətin yarısında irəliləyiş cüzi olaraq qalır, həll edilməyən problemlər isə həm konsolidasiya, həm də maliyyələşdirmə baxımından əhəmiyyətli qlobal səylər tələb edir. DİM-lərə nail olmaqda çətinliklər əsasən dəyişən makroiqtisadi şəraitlə bağlıdır, çünki bugünkü dünya 10 il əvvəl planlaşdırılandan çox fərqlidir. Eyni zamanda, məhz böhranlararası dövrdə (2010-2019-cu illər) qlobal inkişaf gündəliyi formalaşdırılıb və onun həyata keçirilməsi üçün çərçivə yaradılıb", - S.Mikayılova bildirib.

O vurğulayıb ki, inkişafa rəsmi yardım (İRY) və digər xarici yardım mənbələri bir sıra inkişaf etməkdə olan ölkələrdə DİM-lərə nail olmaq üçün əsas maliyyə alətləridir.

"Bununla belə, İRY qeyri-mütənasib şəkildə bölüşdürülərək, inkişaf etməkdə olan ölkələrdə ictimai rifaha dəstək və infrastruktur xərcləri kimi əsas ehtiyacların ödənilməsi əvəzinə, ilk növbədə humanitar yardım və qaçqınların xərclərinə, eləcə də iqlim dəyişikliyinin təsirinin azaldılmasına yönəldilir. Üstəlik, DİM-lərin həyata keçirilməsini sürətləndirmək məqsədilə inkişaf etməkdə olan ölkələri lazımi maliyyə və texnologiya ilə təmin etmək üçün kollektiv səylərin göstərilməsi vacib olsa da, geosiyasi gərginlik və baş qaldıran millətçilik beynəlxalq əməkdaşlığa və koordinasiyaya mane olur", - deputat bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan beynəlxalq maliyyə institutları ilə bu sahədə səmərəli əməkdaşlıq edir.

"Məmnuniyyətlə qeyd edirik ki, Azərbaycanın "yaşıl gündəliyi" beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənir. Xüsusilə, Dünya Bankı Qrupu Azərbaycanla ölkədə təmiz enerjinin inkişafına önəm verən yeni Ölkə Tərəfdaşlığı Çərçivəsini (CPF) qəbul edib", - deputat əlavə edib.

Qeyd edək ki, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdədirlər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçının qatıldığı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçirilir, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılır.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
45
4
milli.az

5Mənbələr