Bir neçə gündür, Tovuzda çəkilən kadrlar sosial şəbəkələrdə müzakirə olunur. Görüntülərdə insanlar çinar ağacının başına fırlanaraq arzu, niyyət tutduqları görünür – kimisi səhhətinə görə, kimisi evlənmək, kimisi də övlad sahibi olmaq üçün. Amma ümumi mənzərə bundan ibarətdir ki, mərasim iştirakçıları cəm halda şənlənir, rəqs edir. Bu mərasim Xıdır Nəbi bayramı ilə bağlı keçirilir. Tovuzun Yuxarı Öysüzlü kəndinin bir qrup sakini hər il fevralın 10-da bu mərasimi qeyd edir.
Görüntülər yayıldıqdan sonra mərasimlə bağlı birmənalı olmayan rəylər bildirilib. Bunu cahillik adlandıranlar da olub, dinə ziddi hərəkət hesab edənlər də. Qeyd edək ki, Xıdır Nəbi bayramı Azərbaycanla yanaşı Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda da qeyd edilir.
Xıdır Nəbi bayramı nədir? Yaranma tarixi haradan başlayır? Bu ənənə əslində necə qarşılanmalıdır?
Globalinfo.az-a danışan dosent, etnoloq Bəhmən Əliyev deyib ki, Хıdır Nəbi bayramı bölgələrimizdə “Kiçik çillə”nin birinci ongünlüyünün sonunda, yəni təxminən 6-10, bəzən isə 21-22 fevral tarixlərində keçirilir:
“Xıdır Nəbi günlərində “oğru çərşənbələr” başlayır. Artıq biri keçib, gələn çərşənbə “oğru buğ”, növbəti çərşənbə isə “oğru üskü” olacaq. Bəzi orta əsr mənbələrində bu tarixin yazın ilk günü olduğu da yazılıb. Xıdır Nəbi mərasiminə kiçik çillənin ilk günündən hazırlıq başlanırdı. Buğda qovrularaq qovut hazırlanır, qaynadılmış yumurtalar boyanılır, isti xörəklər bişirilirdi. Hər ev, hər ailə buna hazırlaşardı, hamının qeyd etməsi üçün əliaşağı olanlara, kasıblara, əlillərə, yardıma ehtiyacı olanlara kömək göstərilərdi. O ki qaldı qınaqlara, Xıdır Nəbi mərasimi və ya bayramı haqqında məlumatı olmayan şəxslərin müxtəlif fikirlər söyləməsi gözləniləndir”.
AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilov isə bildirib ki, qədim xalq inanclarımız içində ağacla bağlı detallar var:
“Bunun izləri ənənəvi mədəniyyətin müxtəlif nümunələrində qalır. Ağacın qışda “ölüb”, yazda “dirilməsi” onu inanc obyektinə çevirib. İnsanlar ağacda ilahi bir qüvvə olduğunu düşünərək səcdə ediblər. Xəstə olanlar şəfa diləyir, müxtəlif dərdlərin çarəsini ağacdan istəyirdilər. Bu ənənə bəzi bölgələrimizdə indiyə qədər qalıb. Ola bilər ki, Tovuz rayonunda əski xalq inancları daha çox özünü mühafizə edir. Dini maarifçiliyin zəif olduğu yerlərdə belə kult xarakterli inanclar və kütləvi ziyarətlər müşahidə olunur. Ənənəvi mədəniyyəti öyrənmək baxımından maraq doğursa da, dini baxımdan doğru deyil”.
Qeyd edək ki, Xıdır Nəbi bir şəxsiyyət olaraq “su, külək və havanın himayəçisi” kimi təqdim olunur. Ümumiyyətlə, bu mifik obrazın adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqda fikirlər müxtəlifdir.