"Ukraynadakı müharibənin bitməsi enerji bazarlarında gərginliyin azalmasına səbəb ola bilər. Bu, xüsusilə neft və qaz qiymətlərinin düşməsinə yol açacaq, çünki Rusiya-Qərb arasındakı sanksiyaların yumşaldılması ilə Moskva neft və qaz ixracını artırmağa başlayacaq. Lakin bu, Azərbaycanın da daxil olduğu enerji ixracatçıları üçün mənfi nəticələr doğura bilər".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, hazırda Avropa ölkələri ABŞ-dan baha LNG idxal edir. Rusiya ilə Qərb arasında münasibətlər yaxşılaşarsa, Avropa, yüksək qiymətli LNG idxalını azaltaraq, Rusiya qazına qayıda bilər. Bu da ABŞ-ın Avropaya qaz satışını azaldacaq. Bu vəziyyətin ABŞ tərəfindən necə qarşılanacağı və itkilərin necə kompensasiya ediləcəyi hələ sual altındadır.
"Ən əsas məsələlərdən biri ABŞ-ın diqqətini Rusiyadan Çinə yönəltməsi olacaq. Bu, Asiya bazarlarında qeyri-müəyyənlik yarada bilər. Çinə qarşı tətbiq edilən tariflərin artırılması, ticarət müharibəsinin daha da qızışmasına səbəb ola bilər. Bu da qlobal tədarük zəncirlərində problemlərə yol açacaq və ABŞ-ın qlobal rolu dəyişəcək. Bu dəyişiklik investorların etibarına da təsir göstərə bilər.
Rusiya ilə sülh ABŞ iqtisadiyyatına sabitlik gətirə bilər, amma Avropa üçün əlavə təhdidlər yarada bilər. Avropa ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərindən məhrum olduqlarını hiss edərək, öz hərbi xərclərini artırmağa məcbur olacaq. Bu isə iqtisadi tənəzzül risklərini artırar.
Ukrayna ərazi güzəştlərinə getməsi halında beynəlxalq investisiyaları itirə bilər və iqtisadiyyat çökə bilər. Müharibə sonrası infrastrukturun bərpası üçün beynəlxalq maliyyə yardımlarının azalması da mümkündür. Bu, Ukrayna üçün ağır fəsadlar doğura bilər. Rusiya ilə razılaşma MDB məkanında güc balanslarını dəyişə bilər. Rusiya bölgədə daha dominant güc kimi çıxış edəcək və bu da digər respublikaların manevr imkanlarını məhdudlaşdıracaq".
Ekspert qeyd edib ki, ABŞ-ın Rusiya ilə sülh əldə etməsindən sonra əsas diqqətini Çinə yönəltməsi Çinin iqtisadi və hərbi gücünü sıxışdırmağa davam edəcək. Bu, Çin üzərində təzyiqləri artıracaq və Asiya bazarlarında qeyri-müəyyənlik yaradacaq. ABŞ-ın Çinə qarşı apardığı strategiya müttəfiqləri Hindistan, Yaponiya, Cənubi Koreya və Avstraliyanı hərbi və iqtisadi cəhətdən gücləndirəcək.
"Çini zəiflətmək üçün ABŞ Tayvana silah satışını və hərbi dəstəyini gücləndirəcək. Həmçinin, Çin texnologiya şirkətləri üzərində yeni sanksiyalar tətbiq edilə bilər ki, bu da Çinin yarımkeçiricilər və yüksək texnologiyalar sahəsində çətinliklərlə üzləşməsinə səbəb ola bilər.
Tramp və Putin arasındakı sülh razılaşması Ukraynanı ağır güzəştlərə məcbur edə bilər və bu, arzuedilməz dəyişikliklərə səbəb olacaq. ABŞ-ın bu riski qəbul edib-etməyəcəyi isə hələ də sual altındadır. Çünki bu, yalnız Avropa və Ukrayna üçün deyil, həm də Asiya bazarları, qlobal tədarük zəncirləri və ABŞ-ın iqtisadi və hərbi gücü üçün ciddi təsirlər yaradacaq".
Qeyd edək ki, Trampın strateji manevrləri qlobal iqtisadiyyatı və təhlükəsizliyi ciddi şəkildə təsir edə bilər. ABŞ-ın Rusiyaya qarşı atacağı addımların dərinliyində daha ciddi və sirr kimi saxlanılan bir strategiya durduğunu düşünmək mümkündür. Bu prosesin nəticələri isə yalnız ABŞ və Rusiya deyil, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir.
Asya
Milli.Az