AZ

Sürətli, nəzakətli, keyfiyyətli və...

Beynəlxalq səviyyədə geniş rezonans doğuran Azərbaycanın "ASAN xidmət" modelinin ixracı üzrə imzalanmış sazişlərin sayı 25-ə çatıb

Müasir dövrdə ictimai və sosial xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan məhsulu və brendi kimi tanınan “ASAN xidmət” modeli beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraqla qarşılanır və sosial xidmətlər sahəsində qlobal nümunə kimi qəbul edilir.  Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılan bu sistem dövlət xidmətlərinin göstərilməsində operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri üzərində qurulub. 

Xüsusilə “ASAN xidmət” modeli, DOST Agentliyi və rəqəmsal hökumət platformaları Azərbaycanda ictimai və sosial xidmətlərin keyfiyyətini ən yüksək səviyyəyə çatdıran innovativ layihələrdir. Bu layihələr vasitəsilə dövlət vətəndaşlara daha çevik, şəffaf və səmərəli xidmət göstərməyi hədəfləyir. Azərbaycanın uğurla tətbiq etdiyi bu innovativ idarəetmə modeli artıq bir çox ölkələr tərəfindən nümunə kimi qəbul edilir və beynəlxalq miqyasda yüksək dəyərləndirilir.

"ASAN xidmət" mərkəzlərinin üstünlükləri dövlət xidmətlərinin daha effektiv, şəffaf və vətəndaş yönümlü şəkildə təşkil olunmasını təmin edir. İlk növbədə bu mərkəzlər müxtəlif dövlət xidmətlərini bir məkanda cəmləşdirərək operativ və çevik idarəetmə sistemini formalaşdırır. Vətəndaşlar ayrı-ayrı qurumlara müraciət etmədən bir mərkəzdə bütün zəruri xidmətlərdən yararlana bilirlər ki, bu da vaxt itkisini minimuma endirir.  Bununla yanaşı, "ASAN xidmət" fəaliyyətində şəffaflıq prinsipinə əsaslanaraq korrupsiyanın qarşısının alınmasına mühüm töhfə verir. Elektron növbə sistemi, xidmətlərin açıq və izlənilə bilən olması və vətəndaşların məmnuniyyətinin qiymətləndirilməsi kimi mexanizmlər sayəsində xidmətlər maksimum ədalətli və şəffaf formada təqdim edilir.  Eyni zamanda, bu model vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Mərkəzlərdə göstərilən xidmətlərin sürətli, nəzakətli və keyfiyyətli olması, bürokratik maneələrin aradan qaldırılması insanların dövlət qurumlarına etimadını artırır və onların sosial rifahına müsbət təsir göstərir.  "ASAN xidmət" müasir texnologiyalardan geniş istifadə edərək rəqəmsal hökumət konsepsiyasının inkişafına töhfə verir. Elektron hökumət xidmətlərinin tətbiqi, mobil və onlayn platformalar vasitəsilə dövlət xidmətlərinə əlçatanlığın artırılması və innovativ həllərin istifadəsi Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına daxil edir.

Hazırda "ASAN xidmət" modelinin ixracı üzrə imzalanmış sazişlərin sayı 25-ə çatıb. Artıq bu model təkcə Azərbaycan deyil, həm də qlobal səviyyədə sosial xidmətlərin təkmilləşdirilməsi üçün uğurlu bir nümunədir.  Azərbaycanın intellektual brendi olan “ASAN xidmət” modeli artıq bir çox ölkələrdə uğurla tətbiq edilir. Bu günlərdə  Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiyanın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. ​Memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiyada tətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi ilə paylaşılmasını nəzərdə tutur. ​Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkənin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq. İmzalanma mərasimindən sonra tərəflər arasında baş tutmuş görüş zamanı Anlaşma Memorandumunun implementasiyası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb. Kolumbiyalı nazir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və əməkdaşlıq çərçivəsində tezliklə əməli addımların atılacağını diqqətə çatdırıb.

Digər tərəfdən, bu günlərdə Somali Prezidenti Hasan Şeyx Mahmud da "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olub. Agentliyin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 20-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Somali Prezidenti Azərbaycan təcrübəsi əsasında ölkəsində dövlət xidmətləri mexanizminin yenilənməsinə və bununla bağlı verilən dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib. Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.  Fevralın 12 - də Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə iki ölkə arasında imzalanan sənədlərdən biri də Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” layihəsi ilə bağlıdır. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə etdilər.

Göründüyü kimi, Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında ictimai və sosial xidmətlər sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə dünya miqyasında nüfuz qazanıb. "ASAN xidmət" modeli, yalnız ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə bir çox ölkə üçün nümunədir və bu təcrübə bir çox dövlətlər tərəfindən tətbiq edilir.

Nigar Orucova, “İki sahil”

Seçilən
27
ikisahil.az

1Mənbələr