AZ

Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb - RƏY

Qarabağ erməniləri ilə bugünkü Ermənistan erməniləri arasında bir-birinə ciddi dözümsüzlük mövcuddur

Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni jurnalistin sualını cavablandırarkən bildirib. Jurnalistin bu məsələ ilə bağlı danışıqların davam edib-etməməsi ilə bağlı aydınlaşdırıcı sualına spiker belə cavab verib: 

“Siz bu barədə çox yaxşı məlumatlısınız. Başqa hansı suallarınız var?”. Jurnalistin, “Niyə “Artsax”ı Qarabağ adlandırırsız” sualını Simonyan bu cür cavablandırıb: “Məgər siz “qarabağlılar” sözünü işlətmirsiz? Mən siyasətçiyəm və erməni şəhərinin adını çəkəndə başqa ölkənin vətəndaşının Azərbaycan toponimindən istifadə etməsinə də qarşıyam. Mən siyasətçi etikasına riayət etməliyəm. Sizcə, mən aktivistəm və reytinqimi qaldırmaq üçün gözəl sözlər deməliyəm?”. Daha sonra Qarabağdan olan jurnalistə spiker bu sözləri deyib: “Sən oradan getdin, baxmayaraq ki, qalıb sona qədər mübarizə apara bilərdin. Döyüşmək lazım olanda sən getdin”.

 Qeyd edək ki, Alen Simonyanı erməni mediası Qarabağdan köçən ermənilərə nifrət edən şəxs kimi təqdim edir. 

 
  Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Alen Simonyanın "Artsax" yox, məhz türk toponimi olan Qarabağ sözünü işlətməsi siyasi etikadır. Ekspertin sözlərinə görə, A.Simonyanın onu ittiham edən ermənilərə "sizin əlinizdə silah var idi, onunla vuruşa bilərdiniz, amma qaçdınız" deməsi də Ermənistan daxilində iki tərəf arasında ziddiyyətlərin artıq siyasi arenaya çıxmasını göstərir: 

"Məlumdur ki, Qarabağ erməniləri ilə bugünkü Ermənistan erməniləri arasında bir-birinə ciddi dözümsüzlük mövcuddur. Uzun müddət tərəflər "Böyük Ermənistan" xülyası naminə bu ziddiyyəti və münaqişəni gizlətməyə, görməməyə çalışıblar. Ancaq 44 günlük müharibədən sonra onların milli fəlsəfi-ideoloji doktrinaları ciddi şəkildə zədələnib. Qarabağ ermənilərini həmişə təhqir edən İrəvan erməniləri onları “türk mühərriki” və ya sadəcə olaraq “paxstakan” (gəlmə) adlandırıblar və bu sözü təhqiramiz mənada işlədiblər. Hətta onları "xəyanətkar, fırıldaqçı, əclaf" adlandırıblar. Gərgin münasibət və aşağılayıcı baxış Ermənistan küçələrində də sezilir. İrəvan və başqa şəhərlərdə küçələrdə gedərkən erməni dilində bu ifadəni eşidə bilərsiniz: “Sən ermənisən, yoxsa qarabağlısan?!". Qarabağ erməniləri ilə bağlı atılan addımlar Ermənistan daxilində milli səviyyədə daxili revanşizmə qarşı mübarizənin göstəricisidir. Bundan sonra hər iki toplum arasında ziddiyyət davam edəcək. Qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq".



Seçilən
15
sherg.az

1Mənbələr