AZ

 Fuad Abbasov: Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir

“Ancaq bizə qarşı atılan istənilən addımların cavabsız qalmayacağını əminliklə söyləyə bilərik”

“Kremldən gələn təlimatları Rusiya hakimiyyətinin Azərbaycana qarşı yekdil fikri kimi görmürəm. Çünki Kremldə qüllələrin sayı çoxdur”

Rusiya ilə münasibətlərdə yaranan gərginliklər hələ də müzakirə predmetidir. Çünki təyyarəmizi Qroznı üzərində raketlə vuraraq qəzaya uğramasına səbəb olan Rusiya təəssüf ki, məsuliyyətdən yayınmağa və Azərbaycanın sadə və haqlı tələblərinə məhəl qoymamağa davam edir. Şübhəsiz ki, bu cür qeyri-konstruktiv davranış iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olur. Bu məsələ ölkəmiz və xalqımız, o cümlədən beynəlxalq ictimaiyyət üçün çox prinsipial məsələdir. Təyyarəmizi vuranlar cəzalandırılmayana, AZAL-a dəymiş ziyan, o cümlədən həlak olanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilməyənə kimi Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək. Vəziyyət bu cür davam edərsə, yaxın günlərdə Azərbaycanın məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi və ədaləti məhkəmə vasitəsilə bərqərar etməsi də ehtimal edilir. Gərginliyin artmasının qarşısını almaq, münasibətləri korlamamaq və Azərbaycanın haqlı tələblərini yerinə yetirmək əvəzinə Rusiya ölkəmizə qarşı hədə-qorxu və şantaj kampaniyasını hər keçən gün daha da genişləndirir. Bu çirkin kampaniyaya Kremlin media ruporları ilə yanaşı, bəzi deputatların da qoşulması ondan xəbər verir ki, Rusiyanın köhnə imperialist və şovinizm siyasəti sərhəd tanımır. 
 
Siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a deyib ki, Rusiya keçmiş boksçu Nikolay Valuyev, Yevgeni Popov kimi təxribatçı deputatlardan Azərbaycana təzyiq göstərmək məqsədilə istifadə edir. Ancaq ekspert hesab edir ki, bunlar hamısı küçə söhbətlərindən o tərəfə keçməyəcək. Çünki milyonlarla miqranta "şobla-vobla" deyən bir adamdan ciddiyyət gözləmək olmaz: 

"Miqrantlar olmazsa, Rusiyada həyatı təsəvvür etmək qeyri-mümkündür. Hamımız bilirik ki, Rusiyanı ayaqda saxlayan, ölkənin satış və xidmət sektorunu ayaqda tutan, mal dövriyyəsini əlində saxlayan məhz miqrantlardır. Rusların özləri işləmək istəmir. Böyük əksəriyyətinin bildiyi şey ancaq içib yatmaqdır. Ona görə də içində azərbaycanlılar olmaq şərti ilə miqrantları bu şəkildə aşağılamaq Rusiyaya sərf etmir". 
Ekspert vurğulayıb ki, azərbaycanlılara aid Rusiyada bir dənə də olsun məktəb yoxdur: "Sadəcə, hansısa məktəbin nəzdində "Azərbaycan dili" kursları, dərnəyi və s. var. Onlar da Dərbənd, Mahaçqala kimi azərbaycanlıların çox yaşadığı bölgələrdədir. Tamamilə Azərbaycan dilində təhsil verən tədris müəssisəsinin Rusiyada fəaliyyət göstərməsi qəti qadağan edilib. Moskvanın şimalında, "Leninqradski şose" üzərində Kərim Kərimov adına bir məktəb var idi. Orada Azərbaycana aid ancaq məktəbin adını saxladılar. Məktəbin özünü Rusiya Təhsil Nazirliyinə verərək bütün tədris proqramını Rusiyanın federal təhsil proqramı ilə əvəzlədilər. Belə olduğu halda 300-dən çox rus məktəbinin Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilərək fəaliyyət göstərməsi lüzumsuzdur. Yaxın günlərdə rus məktəblərinin bağlanmasını, rus casuslarının həbs olunmasını müşahidə edə bilərik. Rusiyanın Azərbaycanda qurduğu casus şəbəkəsi sovet ittifaqından bu yana davam etməkdədir. Tək fərq odur ki, o zaman Rusiyanın casus şəbəkəsi əsasən, ruslar və ermənilərdən ibarət idi. İndi isə agentura şəbəkəsini əsasən azərbaycanlılar təşkil edir. Əminəm ki, Azərbaycanın təhlükəsizlik xidmətləri casus şəbəkəsində kimlərin yer aldıqlarından, harada çalışdıqlarından xəbərdardırlar. Azərbaycanın şimal rayonlarında silahlı qruplaşmanın məhv edilməsi də göstərdi ki, onun kimi ölkəmizə qarşı hazırlanmış və hələlik gözləmə mövqeyində olan bir çox qruplaşma ilə üzləşə bilərik. Yəqin ki, onlar da öz vaxtını, məqamını gözləyirlər". 

Politoloq əlavə edib ki, Kremldən gələn təlimatları Rusiya hakimiyyətinin Azərbaycana qarşı yekdil fikri kimi görmür: "Çünki Kremldə qüllələrin sayı çoxdur. Hər qüllənin də özünə görə maraq dairəsi var. Bənzər olaylar illər öncə Rusiya-Türkiyə arasında da yaşanmışdı. Rus efirlərində Türkiyə əleyhinə çağırışlar, təhdidlər səslənirdi. O zaman apardığımız fəaliyyət və araşdırma göstərdi ki, bunların arxasında erməni lobbisi dayanır. Azərbaycan-Rusiya arasındakı gərginlikdə erməni lobbisinin ciddi rol oynadığı danılmazdır. Müəyyən rəsmilər, deputatlar media vasitəsilə Azərbaycana qarşı təzyiq göstərməyə, ictimai rəy formalaşdırmağa çalışırlar. Nəticəsinin nə olacağını indidən demək çətindir. Ancaq Rusiyadan bizə qarşı atılan addımların cavabsız qalmayacağını əminliklə söyləyə bilərik. Azərbaycanlılara məxsus biznes Rusiyada məhdudlaşarsa, adekvat addımı biz də ruslara qarşı ölkəmizdə atarıq. Hər addım qarşılıq görəcək". 







Seçilən
6
sherg.az

1Mənbələr