Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində bir neçə görüş keçirib. Avropa Şurasının Baş katibi Alen Berse ilə söhbət zamanı Azərbaycan və AŞ arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin AŞ-nin üzvlüyünə qəbul olunmasından bəri Azərbaycanla AŞ arasında qanunun aliliyi, insan hüquqları, demokratiya istiqamətləri üzrə faydalı əməkdaşlığın mövcud olduğunu, lakin son dövrlərdə Şuranın müxtəlif institutları tərəfindən ölkəmizə qarşı nümayiş olunan qərəzin əməkdaşlığımıza xələl gətirdiyini qeyd edib.
Ötən il AŞ Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin ölkəmizə qarşı münasibətin və ayrı-seçkiliyin göstəricisi kimi məyusluq doğurduğu diqqətə çatdırılıb. Bu addımların mövcud dialoq kanallarının bağlanması ilə qarşılıqlı təmas və münasibətlərə zərbə vurduğu bildirilib.
***
Həmin gün Ceyhun Bayramov İsrail dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb. Söhbət zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan Respublikası və İsrail dövləti arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
***
Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşündə iki ölkənin strateji tərəfdaşlıq gündəliyində duran mövzular, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, enerji, yüksək texnologiyalar, nəqliyyat, mədəniyyət, humanitar, təhsil, turizm və s. aspektləri üzrə inkişaf perspektivlərini müzakirə edib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə ediblər.
XQ