AZ

Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...

Tramp-Putin razılaşması və Ukraynada mümkün atəşkəs gözləntiləri fonunda Cənubi Qafqazda bir məsələ aktuallaşır: Rusiya regiona necə qayıdacaq, qayıtmaq üçün hansı rıçaqlarını işə salacaq, ümumiyyətlə, qayıda biləcəkmi?

Cənubi Qafqazın Rusiya üçün strateji əhəmiyyəti təkcə cənub sərhədlərinin təhlükəsizliyi yox, həm də Avrasiyanın yeni nəqliyyat dəhlizlərində iştirakçılıq baxımından da əhəmiyyətlidir. 2020-ci ilə qədər Moskva bölgəni Qarabağ münaqişəsi fonunda nəzarətdə saxlayır, Tiflisdə zəifləyən mövqelərini Bakı-İrəvan xəttində kompensasiya edirdi. 2020-ci ildə Qarabağ məsələsi həll ediləndə Rusiya hələ də regionda həlledici oyunçu kimi qalmağa davam etsə də, 2022-ci ildən sonra vəziyyət dəyişdi.

- Ukraynada müharibəyə başlayan Rusiya bütün resurslarını bu istiqamətə yönəltdi;

- Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Moskvanın “separatçı kartı”nın aktuallığını saxlamaq imkanlarını əlindən aldı;

- Qarabağdan imtina edən Ermənistan Rusiya qarşısında mərkəzdənqaçma siyasətini genişləndirmək fürsəti əldə etdi;

- 2023-cü ildə Azərbaycan Qarabağda suverenliyini tam bərpa etməklə bu səhifəni bağladı;

- Bakı-İrəvan xəttində danışıqların ikitərəfli formata keçməsi isə Rusiyanı itkilərini vasitəçilik üzərindən kompensasiya etmək imkanından da məhrum etdi.

Rusiya tarixində ilk dəfə Cənubi Qafqazda heç olmadığı qədər zəifləmiş vəziyyətlə üzləşib, lakin bununla barışmayacağı məlumdur. Ukrayna müharibəsinin başa çatması gözləntiləri Rusiyaya beynəlxalq təcriddən çıxmaq və başda Cənubi Qafqaz olmaqla, post-sovet məkanına daha çox diqqət ayırmaq perspektivi vəd edir. Lakin açıq qalan sual var: Rusiya bölgədə əvvəlki üstünlüyünü təmin edə bilcəkmi? Bu, bir qədər çətin görünür.

Birincisi, əsas forpostu olmuş Ermənistanda siyasi və hərbi rıçaqları yetərincə zəifləyib: 102-ci baza mövcud olsa da, artıq Rusiyanın təhlükəsizlik çətirinə alternativlər var;

İkincisi, Qarabağ münaqişəsi mövcud olmadığı üçün Azərbaycana strateji təzyiq aləti də qalmayıb, eyni zamanda, Türkiyə faktorunun bölgədə güclənməsi Moskvanı Bakı ilə münasibətlərdə iki dəfə düşünməyə vadar edir;

Üçüncüsü, Gürcüstanda mövqelərini müəyyən qədər yaxşılaşdırsa da, alternativ oyunçularla, xüsusilə Çinin timsalında, qarşılaşır: Abxaziya və Cənubi Osetiya Moskva-Tiflis xəttində strateji problem olaraq qalmaqdadır;

Mövcud mənzərədə Rusiyanın Cənubi Qafqazda əvvəlki üstünlüyünü bərpa etmək imkanları məhdud görünür. Moskva üçün regionda mövqelərini bərpa etməyin iki mümkün yolu ola bilər.

1. İqtisadi əməkdaşlığın gücləndirilməsi:

- Ermənistan siyasi və hərbi alternativlər tapsa da, iqtisadi müstəvidə hələ də Rusiyadan böyük asılılıqdadır və bu, Moskvaya İrəvanı orbitində saxlamaq imkanı verir;

- Azərbaycanla nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi Rusiyaya həm Cənubi Qafqazda mövqelərini saxlamaq, həm də bu region üzərindən Avrasiyanın müxtəlif bazarlarına çıxmaq imkanı yarada bilər;

- Gürcüstanla bağların saxlanılması və rəsmi Tiflisin Moskvanın mövqelərini nəzərə almağa sövq etməyin yolu da iqtisadi əməkdaşlıqdan keçir;

2. Cənubi Qafqaza 2020-ci ildən sonrakı balansın qaytarılması: 44 günlük müharibədən sonra Rusiya bölgədə Türkiyənin mövcudluğunu qəbul etdi və bu, Moskvaya Qərbin müdaxiləsini bloklamaq imkanı yaratdı; daha sonra Ukrayna müharibəsi və Qərbin – Avropanın Bakı-İrəvan danışıqlarında iştirakla regiona qayıtması balansı dəyişdirdi.

Rusiyanın regiona qayıtması və mövqelərini bərpa etməsi Türkiyə ilə mövcud olmuş balansı qaytarmaq və Bakı-Ankara tandemi ilə işləməkdən keçir. Bu, həm Ermənistanda, həm də Gürcüstanda da Mosvanın mövqelərini yaxşılaşdıracaq seçimdir.

Seçilən
15
9
bakuinfo.net

10Mənbələr