Regional Voleybol Klubların (RVK) nümayəndələri ilə görüş keçirilib. SİA xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
GİN-in Voleybol Mərkəzində təşkil olunan iclasda Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov, icraçı direktoru Vüqar Hüseynzadə, Maliyyə şöbəsinin rəhbəri Sənan Cəfərov, Təlim və aşağı yaş qrupları ilə iş şöbəsinin rəhbəri Cengiz Akarçeşme və RVK-ların rəhbərləri, məşqçiləri və digər şəxslər iştirak ediblər.
Milli komandalara oyunçu yetişdirilməsi istiqamətində işlər çərçivəsində keçirilən ilk iclasda bir sıra məsələlər müzakirə olunub. Belə görüşlərin tez-tez keçiriləcəyini söyləyən Orucov bildirib ki, ilk gündən federasiyanın əsas məqsədi güclü milli komandaların formalaşdırılması, yerli idmançıların yetişdirilməsi və digər bu kimi məsələlərdir: “Məhz bu məqsədlə müxtəlif rayon və şəhərləri əhatə edən 8 RVK yaradıldı. Bu RVK-larda çoxlu sayda yeniyetmə qız və oğlan idmançılar məşq keçir, həmçinin bir sıra yarışlar təşkil olunur. İnanırıq bu RVK-lar yaxın zamanda müsbət nəticə verəcəklər”.
Təlim və aşağı yaş qrupları ilə iş şöbəsinin rəhbəri Akarçeşmə vurğulayıb ki, AVF-nin inkişaf strategiyası CEV və FIVB tərəfindən dəstəklənir: “Təlim və aşağı yaş qrupları ilə iş şöbəsi olaraq bizim də əsas məqsədimiz bütün bölgələrdə çalışan mütəxəssislərə daim dəstək olmaq və milli komandalara gənc perspektivli voleybolçuların yetişdirməsi prosesində yaxından iştirak etməkdir”.