AZ

Yeni tərəfdaşlığın başlanğıcı

“Bu gün Azərbaycanın müttəfiqlik səviyyəsində münasibətlərinin sürətlə dərinləşdirdiyi dost ölkələrin sayı artmaqda davam edir. Prezident cənab İlham Əliyevin düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır. Bu siyasət də öz növbəsində Azərbaycanın nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib.”

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, müasir dövrün çağırışlarına uyğun öz milli maraqlarını qoruyaraq çoxşahəli müstəqil xarici siyasət yürüdən Azərbaycana uzun illər müstəmləkəçilikdən əziyyət çəkən Afrika qitəsində yerləşən Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə ilk rəsmi səfəri ölkəmizin qardaşlıq, dostluq əlaqələrinin getdikcə daha da artmasını təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun mətbuata verdikləri bəyanatlar, iki ölkə arasında imzalanan sazişlər xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrin inkişafından, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açıldığından xəbər verir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilk olan Somali Federativ Respublikasının Prezidentinin Bakıya səfəri eyni zamanda, Azərbaycan-Somali dostluq münasibətlərində hər iki ölkənin ikitərəfli əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən milli maraqlar, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması ilə bağlı baxışları İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi fəaliyyət gösrərən Somali Federativ Respublikası ilə eynidir.

Deputat onu da vurğulayıb ki, iki ölkə arasında imzalanan yaşıl enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumları, təhsil, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişlər hərtərəfli əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafının bariz nümunəsidir. Həmçinin imzalanan sənədlər, əldə edilən razılaşmalar Azərbaycan-Somali dostluğunu daha yüksək səviyyəyə qaldıracaq.

20 faiz torpaqlarını işğaldan azad edən, öz gücünə haqqı, ədaləti bərpa edən ölkəmizin Qalib Lideri cənab İlham Əliyev mətbuata verdiyi bəyənatda qeyd edib ki, biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim.

Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübələri bölüşən cənab İlham Əliyev təhsil sahəsində əldə edilən nailiyyətlərə də diqqəti çəkib: “Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək”.

Bu səfəri ikitərəfli münasibətlərdə yeni eranın başlanğıcı kimi qiymətləndirən, Azərbaycanın qazandığı uğurlu təcrübənin ölkəsi üçün maraqlı və faydalı olduğunu etiraf edən Somali Prezidenti Hasan Şeyx Mahmud bildirib ki, bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür.

“Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq. Cənab Prezident, qeyd etdiyiniz bütün əməkdaşlıq sahələri hər ikimiz və xüsusilə də Somali üçün çox faydalıdır. Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir” – deyə bildirən Somali Prezidenti onu da vurğulayıb ki, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir.

Beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verən Azərbaycanın Somali Federativ Respublikası ilə hərtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edəcək. İctimai-siyasi, kənd təsərrüfatı, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq dostluğun inkişafa öz müsbət töhfəsini verəcək – deyə YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə qeyd edib.

Seçilən
1
2
yenigundem.az

3Mənbələr