AZ

Müəllimlərin sertifikasiyası: "5-9-cu sinif həcmində suallar düşür"

Bu il 5 fənnin müəllimlərinin sertifikasiyadan keçirilməsi gözlənilir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, 2025-ci ildə biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyadan keçiriləcək.

Gələn il isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimlərinin sertifikasiyadan keçiriləcəyi qeyd olunub.

Nazir qeyd edib ki, 2026-cı ilin sonuna qədər əlavə 40 min müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək: “Bu addım müəllimlərin bilik və bacarıqlarının artırılması, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır. Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafına təkan verməklə yanaşı, onların əməkhaqqı sisteminə də təsir göstərir. Gələcək illərdə prosesin daha da genişləndirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 64901 nəfər sertifikatlaşdırma prosesinə cəlb edilib. Proses çərçivəsində 55510 müəllimin maaşına əlavələr edilib. 

İndiyədək Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri sertifikasiyaya cəlb olunub.

Modern.az sertifikasiya prosesi ilə bağlı elm və təhsil ekspertlərinin fikirlərini öyrənib.

Ekspert Elçin Muradın sözlərinə görə, sertifikasiya imtahanlarında hər il müxtəlif problemlər yaşandığı üçün nazirlik bu il məsələyə daha dərindən yanaşır:

“Sertifikasiya imtahanına kimlər cəlb olunmalıdır? Bu imtahanda bəlli bir yaş qrupu neçə olmaldır? Müəllimin təcrübəsi, yəni iş stajı burada nə dərəcədə rol oynamalıdır ? Sertifikasiya imtahanı keçirildikdən sonra işdən azad olunmuş müəllimlərin sosial vəziyyəti necə olacaq? Bütün bunlar hal-hazırda nazirliyi düşündürən suallar olduğu üşün müzakirələr aparılır. Mən düşünürəm ki, çox da gecikdirmək doğru olmadığı üçün yaxın zamanlarda, bu ayın sonuna kimi ictimaiyyətə bu haqda müəyyən bir məlumat veriləcək. Qaldı ki, imtahanların asan və ya çətin keçirilməsi məsələsinə düşünürəm ki, builki imtahanlar orta/çətin səviyyədə olacaq, çünki MİQ sualları ilə sertifikasiya sualları arasında müəyyən bir fərq olmalıdır”.

Ekspert Elşən Qafarov bildirib ki, sertifikasiya ilə bağlı ən böyük problem imtahanın keçirilməsi zamanı təşkilatı məsələnin zəif olması, köçürmələrin olmasıdır.

"Düşünürəm ki, suallar elə də çətin deyil. Burada 5-9-cu sinif həcmində suallar düşür. Bu sualları yazmaq müəllimlər üçün çətin olmayacaq. Amma bir çox hallarda sertifikasiyanın təşkilində buraxılan ciddi nöqsanlar bəzən müəllimlərin bildirklərini də Yazmasına mane olur. Bu baxımdan sualların çətin olacağını düşünmürəm, amma prosesin təşkilində ciddi nəzarət olmalıdır. Yaranan səs-küy, nəzarətçilərin müəllimlərə kömək etməsi sertifikasiya prosesinin mahiyyətinə kölgə salır. Öz işini minimum səviyyədə bilən hərhansı müəllim sertifikasiyadan uğurla keçə bilər".

Ekspert Elmin Nuri qeyd edib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi 2021-ci ildə start götürüb və 2026-cı ildə tamamlanacaq:

“Sertifikatlaşdırma prosesi həmişə yay aylarında keçirilir. Bunun da səbəbi müəllimlərin tədris prosesindən uzaqlaşaraq tətilə çıxması və prosesə daha yaxşı fokuslana bilmə ehtimalıdır. Sertifikatlaşdırmada birinci və axırıncı il arasında xeyli fərqlər var. Şəxsən mən hər il müəllimlərin sertifikasiya prosesini bir qrup təhsil insanı ilə bərabər canlı müşahidə etmişəm. Orada rəsmi şəxslərin qeydləri ilə, yeniliklərlə tanış olmuşuq. Həqiqətən də 2025-cü illə 2021-ci il arasında texniki və təşkilati keyfiyyət fərqlərinin olduğunu görmüşük. Məsələn 2024-cü ildə xüsusi elektron mərkəz vasitəsilə bölgələrdə gedən sertifikatlaşdırma imtahanı prosesini canlı izləmək mümkündür. Budəfəki sertifikatlaşdırma prosesi ilk idi. Amma növbəti sertifikatlaşdırma prosesində daha yeni addımların olacağına əmin ola bilərsiniz. Təhsilverənlərin sertifikatlaşdırılması prosesi müəllimlərin və direktorların işə qəbulu prosesi ilə müqayisədə xeyli yumşaqdır. Bunu mən demirəm, sertifikatlaşdırmada iştirak edən hər 10 müəllimdən 8-i bizimlə eyni fikirdədir. Təhsil İnstitutu ötən illərdə sertifikasiya düşən sualları ictimaiyyətə açıqladı. Əmin olun ki, pedaqoji təhsili olmayan insanlar belə, biraz üzərində işləsə, asanlıqla 30 ballıq limiti keçə bilər. Sualların qoyuluşu o qədər yumşaqdır ki, həmin fənni tədris edən müəllim o sualları düzgün cavablandırmağa sadəcə borcludur. Burada başqa söhbət və variant ola bilməz”.

Seçilən
29
modern.az

1Mənbələr