AZ

Camal Musiala “Bayern”lə yeni müqaviləsini şərh etdi

“Bayern”in almaniyalı hücumameyilli yarımmüdafiəçisi Camal Musiala Münhen klubu ilə yeni müqaviləsini şərh edib.

Arena.az məlumat verir ki, maliyyə təfərrüatı ictimaiyyətə açıqlanmamış, tərəflər arasındakı yeni müqavilənin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Mən həqiqətən də xoşbəxtəm. “Bayern” – dünyanın ən nəhəng klublarından biridir. Mən burada peşəkar futbolda ilk addımlarımı atmışam və inanıram ki, biz bu klubla yaxın illərdə daha da böyük məqsədlərə müvəffəq olmağı bacaracağıq. Mən Münhendə və klubda bizim əntiqə azarkeşlərimizlə özümü evdəki kimi hiss edirəm. Bizim, nail olmaq istədiyimiz çoxlu məqsədlərimiz var. Mən, bizi gözləyən hər bir məqamın intizarındayam”, – “Bayern”in rəsmi saytı Musialadan sitat gətirir.

Əlavə edək ki, 21 yaşlı Camal Musiala Avropanın ən perspektivli gənc futbolçularından biri sayılır. Avropanın bir çox aparıcı klubunun Musialada gözü var.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.
Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 30 oyun keçirib, 15 qol vurub, 8 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 193 oyun, 58 qol və 38 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
23
2
arena.az

3Mənbələr