Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Hakan Fidanın İngiltərə xarici işlər naziri Devid Lammi ilə görüşündə Suriyadakı vəziyyət və Qəzzada baş verən hadisələr qiymətləndirilib. Nazir Suriyanın siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, yeni administrasiyanın dəstəklənməsinin vacibliyini qeyd edib. O, həmçinin, Qəzzada atəşkəsin davamlı olmasının bölgədə sülhün bərqərar olması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələlər də müzakirə edilib.
Hakan Fidan Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də görüşüb. Bu görüşdə Rusiya-Ukrayna müharibəsi və Suriyadakı təhlükəsizlik vəziyyəti qiymətləndirilib, transatlantik münasibətlərdəki son vəziyyət müzakirə olunub.
Hakan Fidanın amerikalı həmkarı Marko Rubio ilə baş tutan ilk görüşündə Suriyadakı vəziyyət, Qəzzadakı hadisələr və Ukrayna-Rusiya müharibəsi müzakirə edilib. Hakan Fidan Türkiyənin DEAŞ terror təşkilatı ilə mübarizədə bölgə ölkələrinin atacağı addımlarla bağlı fikirlərini qarşı tərəfə çatdırıb. O, həmçinin, Qəzzada daimi atəşkəsin vacibliyini və İsrail-Fələstin probleminin həllinin regional sülhə nail olmaq üçün əhəmiyyətini vurğulayıb. Görüşdə, Ukrayna və Rusiya arasında sülhün bərqərar olması üçün mümkün proseslər də müzakirə edilib.
H.Fidanın Fransa xarici işlər naziri Jan-Noel Barrot ilə görüşündə isə Suriyadakı vəziyyət və Türkiyə-Aİ əlaqələri müzakirə edilib. Nazir Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün birgə səylərin göstərilməli olduğunu, Türkiyənin PKK və DEAŞ kimi terror təşkilatlarına qarşı mübarizə aparmağa davam edəcəyini bildirib. Görüşdə Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar edilməsi səyləri də müzakirə olunub.
Hakan Fidan Finlandiyanın xarici işlər naziri Valtonen ilə də görüşüb. Bu görüşdə Avropanın təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsinə son qoymaq planları müzakirə edilib. Görüşdə, Suriyadakı vəziyyət də gündəmə gəlib.
Hakan Fidan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə ayrı-ayrılıqda görüşüb. Şallenberqlə ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Hurezeanu ilə görüşdə isə Qara dənizin təhlükəsizliyi başda olmaqla regional məsələlər qiymətləndirilib.