Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Çorum” klubunun heyətində növbəti rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 25-ci turu çərçivəsində lider “Kocaelispor”la qarşılaşıb.
Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.
Diniyev bu matçın 83-cü dəqiqəsində, hesab 0:2 olarkən meydana buraxılıb.
Xatırladaq ki, Coşqun Diniyev bu ay Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 2 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
“Çorum” hazırda 38 xalla Birinci Liqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 25 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.