Bakı. TurkicWorld:
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyev ilə görüşüb.
Bu barədə TurkicWorld-a XİN-dən məlumat verilib.
Görüş zamanı, Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticarət, enerji təhlükəsizliyi aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
İki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunun əhəmiyyəti qeyd olunub, strateji tərəfdaşlıq münasibətlərinin inkişafında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətindən bəhs olunub.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu, mövcud əməkdaşlığımızın yaşıl enerji sahəsində də davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Enerji təchizatında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrin, əsası qoyulan interkonnektor marşrutlarının əməkdaşlığımızın praktiki nəticələrindən olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.