Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun qəbul imtahanı keçirəcək.
DİM-dən Day.Az-a verilən məlumata görə, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil ediləcək və imtahan vermək üçün 812 namizəd qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlayacaq və saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupu üzrə isə 73 olmaqla, ümumilikdə 119 namizəd iştirak edəcək. Bu imtahan saat 16:00-da elektron qaydada keçiriləcək və 2 saat 30 dəqiqə davam edəcək. İmtahan saat 15:45-dən sonra gələn namizədlər də qəbul olunmayacaq.
İmtahanın təşkilinə 10 imtahan rəhbəri, 55 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb. Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər.