AZ

Şagirdləri narahat edən əllə yoxlanılma proseduru: Həll yolu nədir?

Azərbaycanda ali məktəblərə və kolleclərə qəbul üçün ən önəmli mərhələlərdən biri olan buraxılış imtahanları yaxınlaşır. 2 və 9 mart tarixlərində on minlərlə şagirdin həyatında həlledici rol oynayan bu prosesin şəffaf və obyektiv keçirilməsinə şübhə yoxdur. Lakin burada ciddi bir etik və psixoloji problem var: imtahana giriş zamanı şagirdlərin əllə yoxlanılması.

 

DİM-in xəbərdarlıqlarına baxmayaraq, bəzi imtahan iştirakçıları kənar əşyalar gətirməyə cəhd edirlər. Bunun qarşısını almaq üçün texnoloji vasitələr – detektorlar mövcuddur. Lakin bəzi hallarda imtahana nəzarət edən mühafizəçilər azyaşlı şagirdləri fiziki olaraq yoxlamağa çalışır. Bu proses isə bir çox imtahan iştirakçısı və onların valideynləri tərəfindən narazılıqla qarşılanır.

 

Maraqlıdır, bu məsələ necə tənzimlənməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, bu, qəbuledilməzdir:

 

“Birincisi, bu, uşaqların psixoloji rahatlığını pozur. İmtahan onsuz da yetərincə stresli bir prosesdir. Bir çox şagirdlər üçün imtahandan əvvəl naməlum bir şəxsin toxunuşu ciddi narahatlıq yaradır və bu, onların imtahanda öz biliklərini tam ifadə etmələrinə mane ola bilər. Digər tərəfdən, texniki imkanlar buna ehtiyac olmadığını sübut edir. Əgər qadağan olunmuş əşyaların aşkar edilməsi üçün xüsusi detektorlar varsa, niyə fiziki təmas tələb olunsun? Alternativ metodlar – cibini və ayaqqabını çıxar kimi vizual yoxlamalarla eyni nəticəni əldə etmək mümkündür. Bundan başqa, hüquqi və etik baxımdan da düzgün deyil. 18 yaşdan aşağı şəxslərin bədən yoxlaması xüsusi prosedurlar tələb edir və bu prosedurlar uşaqların hüquqlarına tam riayət edilməklə aparılmalıdır. Dövlət İmtahan Mərkəzi bu məsələyə xüsusi diqqət yetirməli və imtahan keçirilən məkanlarda müvafiq yoxlama prosedurlarının necə həyata keçirildiyini ciddi nəzarətdə saxlamalıdır”.

 

K.Əsədov vurğulayıb ki, bu məsələ dərhal həll olunmalıdır:

 

“Uşaqların psixoloji rahatlığı və hüquqları qorunmalıdır. Detektorlarla yoxlama kifayət qədər effektiv olduğu halda, fiziki təmasa yol verilməməlidir. Təhsil və imtahan sistemində şəffaflıq qədər humanist yanaşma da olmalıdır”.

 

Firuzə Əliyeva
 

Seçilən
18
5
sfera.az

6Mənbələr