“Böyük ehtimalla, Tramp hakimiyyətdə bir ildən çox qala bilməyəcək”.
Bu fikri Avropa İttifaqının ordu yaratmaq iddiası və bundan kimlərin divident götürəcəyini Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, Avropa ordusunun yaranmasında ən çox dividenti Türkiyə götürəcək:
“Donald Tramp birinci hakimiyyəti dönəmində də NATO-nun perspektivini görmədiyini bildirirdi. Trampın yenidən bu xətti tutduğunu açıq şəkildə görürük. NATO-ya daxil olan Avropa dövlətlərinin özləri də Trampın bu ideyasından öncə “Avropa özünü qorumaq üçün ordu yaratmalıdır” deyirdilər. Hazırda bu reallaşmağa doğru gedir”.
Y. Bağırzadəyə görə, bu prosesdə Türkiyənin çəkisi artacaq:
“Əgər Avropa ordusu yaradılacaqsa, Türkiyə öz yerini alacaq. Çünki Avropanın qısa zamanda öz təhlükəsizliyini təmin edəcək gücü yoxdur. Trampın Qəzza haqqında fikirlərinə Ərdoğan yox, hakim partiyada olan ikinci, üçüncü dərəcəli şəxslər tərəfindən cavablar verilir. Bu, o vaxt baş verdi ki, Avropa İttifaqının ordusunun yaradılması haqqında bəyanatlar verildi. Türkiyə dolayı yolla sözünü dedi ki, biz də sizin yanınızda ola bilərik. Türkiyə həm ABŞ, həm də Avropa üçün maraqlı olacaq”.
“Əvvəl demişdim ki, Trampın hakimiyyətdə qalması bir il yarım, iki ildən çox çəkməyəcək. Böyük ehtimalla, Tramp hakimiyyətdə bir ildən çox qala bilməyəcək. Hazırda dünyada, loru dildə desək, “başlı başınl saxlasın” prosesi gedir. Bu ərəfədə Türk Dövlətlər Birliyi daha sıx birləşsə, qazanclı çıxacaq”.
Səxavət Məmməd