AZ

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 93, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Polis əməkdaşlarının fevralın 15-də və 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Həmçinin ümumi çəkisi 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 qumbara, 1 alışdırıcı, 27 tüfəng, 2 patron darağı və 48 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
9
4
azertag.az

8Mənbələr