AZ

Zəngəzur yolunun açılmasını “SEPAH” istəmir - Zərdüşt Əlizadə

Yazını böyüt
Yazını kiçilt

Politoloq Zərdüşt Əlizadə ilə hafta.az üçün növbəti söhbətimizdə Ermənistanın artıq Azərbaycana qarşı müharibəyə başlayıb-başlaya bilməməsi,  hazırkı geosiyasi reallıqda daha çox hansı güclərin Zəngəzur dəhlizinin açılmasında maraqlı olması, hansı güclərin bunun əleyhinə fəaliyyət göstərməsi və digər  mövzular haqqında danışdıq.

- Zərdüşt bəy, deyirlər, 2020-ci ildə ordusu darmadağın edilmiş, kapitulyasiya aktına imza tamış Ermənistan artıq Azərbaycana qarşı müharibəyə hazırlaşır. Sizcə, mövcud qüvvələr nisbətində bu, nə dərəcədə realdır?

- Reallıq ondan ibarətdir ki, erməni ordusu bundan sonra 20 ildə hazırlaşsa, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlmək potensialında və gücündə ola bilməyəcək. Yada salaq ki, 1994-cü ildə Qarabağda hərbi əməliyyatlar dayandı, ermənilər yeni müharibəyə hazırlaşmağa başladılar, səngərlər qazdılar, güclü istehkamlar tikdilər. Rusiyadan və digər ölkələrdən yeni silah və texnikalar aldılar, zabitlərini Rusiyanın Frunze adına Hərbi Akademiyasında oxutdular, onlar da Ermənistana və Qarabağa leytenant kimi gəlib, 26 ildə polkovnik və generaladək yüksəldilər, xeyli təlimlər keçdilər. Bütün bunlara baxmayaraq, 2020-ci ilin 44 günlük savaşında Azərbaycana məğlub oldular. Çünki qüvvələr nisbəti qəti şəkildə bizim tərəfimizdə idi və indi də belədir. Azərbaycan əhalisinin sayı 10 milyondan çoxdur, Ermənistanınkı isə cəmi 2 milyondur. Yəni əhalimiz onlardan 5 dəfə çoxdur. Bu da o deməkdir ki, müharibə şəraitində Azərbaycanın səfərbərlik imkanları Ermənistanınkından 5 dəfə artıqdır. Eyni zamanda, ölkəmizin pulu çoxdur və deməli, müasir silahlar almaq imkanı var.

Ordumuz 2020-2023-cü illərdə Qarabağ və Ermənistanla sərhəddəki hərbi əməliyyatlarda ən yeni savaş silah və texnologiyaları təcrübədən keçirməklə yanaşı, Rusiya-Ukrayna müharibəsi zamanı tətbiq edilən ən müasir texnika və texnologiyaları da, yeni döyüş üslublarını da mənimsəyir. Azərbaycan Ordusu NATO ölkəsi olan Türkiyə Ordusu ilə birgə mütəmadi, ildə, azı, iki dəfə hərbi təlimlər keçir. Bütün bunlar göstərir ki, Milli Ordumuz yerində saymır, inkişaf edir. Bu səbəbdən, bir daha təkrar edirəm: Ermənistan ordusu nə qədər çalışsa da, xaricdən dəstək alsa da, potensialı ondan 5 qat güclü olan Azərbaycan Ordusu ilə rəqabət apara bilməz. Hətta ağlı çaşıb bizimlə savaşa başlasa, sürətli məğlubiyyətə düçar da olar. Ona görə də qəti əminəm ki, 2020-ci il müharibəsinin dərsindən ibrət götürən Ermənistan Azərbaycana qarşı heç vaxt, heç bir halda müharibəyə  başlaya bilməz.

- Necə hesab  edirsiniz,  mövcud geosiyasi reallıqda daha çox hansı güc Zəngəzur dəhlizinin açılmasında maraqlıdır?

- Zəngəzur yolunun açılmasında xarici güclərdən, ilk növbədə, Rusiya maraqlıdır. O istəyir ki, qatarları sovet dövründə olduğu kimi, Dağıstandan daxil olsun Azərbaycana, Azərbaycandan Arazboyu Zəngəzur yolu ilə Ermənistandan və Naxçıvandan keçməklə İrana daxil ola bilsinlər. Yadımdadır ki, sovet vaxtı deyilən marşrut üzrə Moskva-Tehran reysi ilə hərəkət edən ayrıca vaqon var idi. Hətta o zaman İranda sovet mütəxəssisi kimi işləyən qohumlardan birinin həyat yoldaşını Moskvadan həmin vaqonla Tehrana yola salmışdım. Həmin yolu 1993-1994-cü illərdəki müharibə zamanı ermənilər sökdü. Nəhayət, 2020-ci ilin 44 günlük müharibəsindəki qələbəmizdən sonra Azərbaycan o dəmir yolunu öz ərazisində Ermənistanla sərhədədək bərpa etdi. İndi isə ermənilər də həmin yolu açmağa məcburdurlar, amma o yola Rusiyanın nəzarət etməsini istəmirlər. Məsələ əsasən buna görə ləngiyir...

- Bəs Zəngəzur dəhlizinin açılmasını ən optimal şəkildə necə həll etmək olar?

- Ermənistan tərəfi, artıq Zəngəzur dəhlizinin açılmasından sonra onun iş prinsipləri haqdakı təkıliflərini Azərbaycan tərəfə göndərib.  Bizim tərəf də o təklifləri öyrənir. Həmin təkliflərdə  dünyada analoji situasiyalarda açılmış müxtəlif dəhlizlərin iş təcrübəsi də nəzərə alınıb. O cümlədən Rusiyanı Kalininqrad anklavı ilə birləşdirən Suvalks dəhlizinin iş prinsipini. Yəni həlli mümkün olmayan heç bir məsələ yoxdur. Sadəcə, mümkün variantlardan birini seçib tətbiq etmək gərəkdir...

Zəngəzur dəhlizi cəmi 44 km. uzunluğundadır. Azərbaycan tərəfi deyir ki, bizim sərnişinlər və yüklər heç bir maneə, yoxlama olmadan Ermənistan ərazisindən keçməklə Azərbaycandan Azərbaycana (yəni Naxçıvana – S.L.) getsin, erməni tərəfi də deyir,  bizim də sərnişin və yüklər Azərbaycan tərəfi yoxlamadan Ermənistandan Ermənistana getsin. Dəmir yolu sovet dövründə olduğu kimi, Azərbaycanın Mincivan - Ağbənd məntəqəsindən  daxil olacaq Zəngəzurun Meğri ərazisinə, oradan keçəcək Naxçıvana – Ordubad rayonu ərazisinə, orada bir dövrə vurub yenidən daxil olacaq Ermənistandakı Zəngəzur ərazisinə...

Onu da xatırladım, haqqında bəhs etdiyimiz dəmir yolu II Dünya müharibəsi zamanı ABŞ-nin SSRİ-yə “lend-liz” yardımı ilə bağlı yükləri daşımaq üçün çəkilmişdi. O zaman Amerikadan gəmilərlə yollanan yüklər İranın Fars körfəzindəki limanlarından qatarlara yüklənib İran Culfasından Azərbaycan Culfasına keçib, oradan da dediyimiz marşrutun əksinə gedib Azərbaycandan keçməklə çıxırdı Dağıstana – Rusiyaya və paylanırdı müxtəlif cəbhələrdəki sovet hərbçilərinə... I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən həm Azərbaycandakı 167 km.-lik, həm də Ermənistandakı 44 km.-lik hissələri sökülərək İran tacirlərinə satılmış həmin dəmir yolunu artıq Azərbaycan tərəfi 2025-ci ilin ortalarınadək çəkib qurtarmalıdır. O vaxta qədər Ermənistan da Meğridəki dəmir yolunu bərpa etmək haqqında qərar verəcək, sonra isə Azərbaycanla onun istismar rejimini öncə dediyimiz kimi razılaşdıracaq. Əlbəttə, erməni tərəfi Ermənistan qatarlarının Azərbaycan ərazisindən də maneəsiz keçməsi üçün razılıq əldə olunmasını istəyərdi. Yəni, bu o deməkdir ki, Ermənistanın  həm yük, həm sərnişin qatarları heç bir sərhəd, gömrük yoxlaması keçmədən bizim ərazidən keçməklə Ermənistandan Rusiyaya və əksinə, maneəsiz hərəkət etməlidir. Reallıqda bu, mümkün deyil, ona görə ki, Azərbaycan qatarları Ermənistan ərazisindən 44 + 20-30 km.-lik ərazidən keçəcəklərsə, Ermənistan qatarları Azərbaycan ərasizindən 500 km-dən çox bir məsafə keçməli olacaqlar. Bəlkə də münasibətlər normal olsaydı, bunu da  hansısa yolla həll etmək olardı. Çünki Azərbaycandan ərazisindən keçəcək erməni qatarlarından alınacaq rüsumlar o qədər də böyük məbləğ deyil. Amma hələlik münasibətlərdə gərginlik hökm sürür, barışıq olmayıb, düşmənçilik aradan qaldırılmayıb...

- Bəs hansı güclər istəmir Zəngəzur yolunun açılmasını?

- Zəngəzur yolunun açılmasını İranın müəyyən dairələri, xüsusən də “SEPAH” istəmir. Nəyə görə istəmirlər? Ona görə ki, İrandan  külli miqdarda narkotik məhsullar Ermənistan ərazisinə keçirilir, oradan da  ermənilər onları Rusiya və Avropaya yola salır. Və “SEPAH” həmin əməliyyat nəticəsində xeyli pul qazanır. Odur ki, İranın o dairələri deyirlər ki, guya Zəngəzur yolu açılsa, İranın Ermənistanla əlaqəsi kəsiləcək.  Həmin yolun keçdiyi yolboyu İran-Ermənistan sərhədi də 44 km uzanır. İranın “Səhər” kanalının əməkdaşı bir dəfə məndən müsahibə götürəndə bu axmaq fikri səsləndirdi. Mən də cavabında gülüb dedim ki, siz hansı əsrdə yaşayırsımız? Yaxşı, fərz edək ki, deyilən ərazidən eni uzağı 10 metr olan bir məkanla dəmir yolu çəkildi. Həmin ərazidə dəmir yolunun üzərindən körpü də tikmək olar, altından tunel də çəkmək olar. Yəni onlara anlatdım ki, dedikləriniz mənasız söhbətdir. Zəngəzur yolunun açılmağı İranın heç yerə yolunu kəsmir. Özü də həmin dəmir yolunun Ermənistanın ərazisindən keçən hissəsi onun mülkiyyəti olacaq. Azərbaycan isə oradan sərbəst şəkildə öz sərnişin və yüklərini daşımaq istəyir.  Bu isə İranın sərhədini kəsmək demək deyil. Üstəlik, bu həm də bizim haqqımızdır, çünki vaxtilə tarixi ədalətsizlik olub: bolşevik Rusiyası qədim torpağımız Zəngəzuru Azərbaycan bolşeviklərindən alıb Ermənistan bolşeviklərinə verməyi məsləhət görüb. Bundan sonra iranlı bəradərlərimiz söz tapmadı deməyə...

- Zərdüşt bəy, bəzi şərhçilər iddia edir ki, hətta Rusiya Ukraynada qalib gələrsə, yenidən əvvəlki əzəməti ilə dirçələ bilər. Siz necə düşünürsünüz?

- Rusiya 90 ilə yaxındır, aşınma prosesi yaşayır. Bu imperiyanın Sovet İttifaqı adlı təzahürünün ən güclü və qüdrətli dövrü 1946-1952-ci illər olmuşdur. II Dünya müharibəsində bu İttifaq Hitler faşizminə qalib gəlmişdi. Dövlətin başında bütün dünyada sayılan əzəmətli bir dövlət xadimi –Stalin dayanırdı. O öləndən sonra isə yerinə Xruşşov gəldi. O, dövlətin bütün ehtiramını sındırdı. Kommunizm ideologiyasını, onun tərəfdarlarını tamamilə gözdən saldı. Nəticədə ümumdünya kommunist hərəkatı dağılmağa başladı. Xruşşovun ardınca Brejnev gəldi və onun dövründə də ümumdünya sosialist sisteminin çöküşünə start verildi. Daha sonra Qorbaçov gəldi və SSRİ dağıldı.

 Bir sözlə, bu Rusiya adlanan təzahür, vücud onillərdir ki, addım-addım zəifləyir, aşınır, tənəzzülə uğrayır. Bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz.  Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüzlər edirlər. Bu gün Ukraynaya da təcavüzünü davam etdirir Rusiya. Amma o bu savaşda əvvəldən məğlubiyyətə məhkumdur və gec-tez məğlub olacaq. 

Seçilən
20
2
hafta.az

3Mənbələr