AZ

Builki magistr imtahanları çətin olub?- Ekspertdən reaksiya

Lakin bakalavrların çoxu sosial şəbəkələrdə imtahanın çətinliyindən şikayətlənirlər.

Məsələn, imtahan iştirakçılarından biri qeyd edib ki, bütün həvəsimizi öldürdülər:

‘’Həmin suallar üçün 3 saat az idi. Elə təkcə məntiqə 3 saat vaxt lazım idi. İngilis dili isə ümumiyyətlə biabrçılıq. Az bal yığmağımız və ikinci şansa getməyimiz üçün əllərindən gələni etdilər. Heyif’’.

Maraqlıdır, bu yöndə irəli sürülən iddialar nə dərəcədə həqiqəti əks etdirir? Doğrudanmı dünən magistraturaya düşən suallar çətin idi?

Təhsil eksperti Kamran Əsədov “Ajans.az"a deyib ki, imtahanın məzmun- strukturu ilə bağlı çoxsaylı narazılıqlar imtahanın məntiqi təfəkkürə deyil, əzbərçiliyə söykəndiyi, ali təhsilin mahiyyətinə uyğun gəlmədiyi və magistr təhsili almaq istəyən gənclərin qarşısına əlavə süni maneələr qoyduğu istiqamətindədir:


‘’İmtahanın tərkib hissələrindən biri olan xarici dil bölməsi xüsusilə mübahisəli məsələlərdən biridir. “Təhsil haqqında” qanunun 7.1 maddəsinə əsasən, Azərbaycan Respublikasında tədris dili dövlət dili – Azərbaycan dilidir. Buna baxmayaraq, magistraturaya qəbul imtahanında bakalavrlardan ingilis dili bilikləri tələb olunur. Xarici dil biliyi qlobal elmi mühitdə iştirak etmək üçün mühüm olsa da, bu tələbin məcburi olması sual doğurur. Çünki dünyanın bir çox ölkəsində magistraturaya qəbul zamanı yalnız xarici vətəndaşlardan dil sertifikatı tələb olunur, yerli vətəndaşlar isə öz dövlət dillərində təhsil almaq hüququna malikdirlər. Beynəlxalq təcrübəyə baxdıqda, ABŞ və Almaniyada magistraturaya qəbul zamanı yerli tələbələrdən ingilis dili biliyi tələb edilmir. Almaniyada, məsələn, magistr proqramlarına qəbul zamanı əsas meyar bakalavr dövründə əldə edilmiş akademik nailiyyətlər və ixtisasla bağlı dərin biliklərdir. ABŞ universitetlərində isə magistratura qəbulunda əsasən akademik göstəricilər, elmi fəaliyyət qabiliyyəti nəzərə alınır. Əgər tələbə gələcəkdə beynəlxalq səviyyədə elmi fəaliyyətlə məşğul olmaq istəyirsə, o, təhsil aldığı müddətdə xarici dili öyrənmək üçün kifayət qədər vaxt və imkan əldə edə bilər. Azərbaycanda isə tələbələrə bu imkan yaradılmadan, onları xarici dil imtahanı verməyə məcbur etmək haqlı narazılıqlara səbəb olur. İnformatika bölməsi ilə bağlı da ciddi tənqidlər var. Bakalavrlar qeyd edirlər ki, bu bölmədə verilən suallar nəzəri biliklərə əsaslanır. Tələbələrin real texnoloji bacarıqlarını yoxlamaq imkanından məhrumdur. Məsələn, Microsoft Office proqramları və digər kompüter tətbiqləri üzrə suallar daha çox əzbərçilik tələb edir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində belə imtahanlar tələbələrin real kompüter bacarıqlarını qiymətləndirən praktiki tapşırıqlar üzərində qurulur. ABŞ və Avropa ölkələrinin magistratura proqramlarında informatika imtahanı mövcud olsa belə, bu, əsasən texnologiya sahəsində ixtisaslaşan tələbələr üçün nəzərdə tutulur. Azərbaycanda isə ixtisasından asılı olmayaraq, hər kəsin bu imtahandan keçməsi tələb edilir ki, bu da absurd görünür. Məntiq bölməsi isə digər ən çox tənqid olunan hissələrdən biridir. Ali təhsil müəssisələrində məntiq fənni xüsusi ixtisaslar istisna olmaqla geniş şəkildə tədris olunmur. Tələbələr magistraturaya qəbul imtahanında məntiq üzrə suallara cavab verməli olurlar, halbuki onlara bakalavr dövründə bu sahədə heç bir fundamental bilik öyrədilməyib. Bu, tələbələri məcbur edir ki, məntiq hazırlıq kurslarına yazılsınlar. İmtahan üçün xüsusi test metodikalarını öyrənsinlər. Halbuki, dünyanın əksər ölkələrində magistraturaya qəbul zamanı məntiq imtahanı yoxdur, əsas diqqət bakalavr dövründə əldə olunan biliklərə, tədqiqat qabiliyyətinə yönəldilir.

Ekspert vurğulayıb ki, magistraturaya qəbulun əsas məqsədi bakalavr səviyyəsini bitirən tələbələrin elmi araşdırmalar aparmaq üçün nə qədər hazır olduğunu qiymətləndirmək olmalıdır:

‘’Bu mənada, elmi təfəkkürü inkişaf etdirmək üçün əsas göstərici tələbələrin hipoteza qurmaq, elmi yanaşmaları analiz etmək və öz sahələri üzrə araşdırmalar aparmaq bacarığıdır. Lakin DİM-in keçirdiyi imtahan bu məqsədlərə xidmət etmir. Əksinə, bakalavrlar test formatına uyğun suallara cavab verməyə məcbur edilir və bu proses elmi yanaşmanı yox, əzbərçiliyi və test texnologiyalarına əsaslanan düşüncə tərzini inkişaf etdirir.Dünyanın bir çox qabaqcıl universitetlərində magistratura proqramlarına qəbul zamanı əsas iki amilə diqqət yetirilir. Bakalavr dövründə əldə edilən fundamental biliklər və tələbənin elmi tədqiqat aparmaq bacarığı. Bunun üçün də adətən tələbələrdən motivasiya məktubu, akademik esse, bakalavr dövründə yazdıqları tədqiqat işlərinin təqdim edilməsi tələb olunur. Azərbaycan universitetlərində isə qəbul prosesi mərkəzləşdirilmiş şəkildə həyata keçirildiyindən, bu cür fərdi yanaşma mümkün olmur. Alternativ yanaşma olaraq, magistraturaya qəbul prosesinin universitetlərin özlərinə həvalə edilməsi və onların muxtariyyətinin artırılması təklif edilir. Bu model tətbiq edildiyi halda, universitetlər öz ixtisas sahələrinə uyğun qəbul meyarlarını müəyyən edə bilər. Tələbələrin real akademik qabiliyyətlərini daha ədalətli şəkildə qiymətləndirə bilər. Bu, həm universitetlərin öz proqramlarını daha effektiv qurmasına, həm də tələbələrin magistratura təhsilindən real fayda götürməsinə imkan yaradar.Digər bir təklif isə magistraturaya qəbulun daha açıq modelə keçididir. Yəni, magistraturaya daxil olmaq üçün hər kəsə şans verilməli, ancaq təhsilin sonuna doğru elmi bacarıqlar əsasında ciddi süzgəc tətbiq edilməlidir. Bu model dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Məsələn, Finlandiya və İsveç kimi ölkələrdə magistraturaya daxil olmaq nisbətən asandır, lakin proqramı uğurla başa vurmaq üçün ciddi elmi və akademik fəaliyyət tələb olunur. Azərbaycanda da bu model tətbiq olunsa, magistr təhsili almaq istəyən gənclərin qarşısına qoyulan süni maneələr aradan qaldırılar. Onların real akademik inkişafı üçün daha geniş imkanlar yaradılar.Son nəticədə, magistraturaya qəbul imtahanı və onun məzmunu ilə bağlı narazılıqlar əsaslı görünür. İmtahanın strukturu, sualların məzmunu real elmi- akademik bacarıqları yoxlamaq əvəzinə, test metodikasına əsaslanır və tələbələri repetitor yanına yönləndirir. Beynəlxalq təcrübə nəzərə alındıqda, Azərbaycan üçün daha uyğun modelin universitetlərə muxtariyyət verilməsi, tələbələrin akademik göstəricilərinə əsaslanan bir qəbul sisteminin tətbiq edilməsi olduğu görünür. Əgər təhsil sistemində həqiqi inkişaf və keyfiyyət artımı hədəflənirsə, magistraturaya qəbul imtahanlarının strukturu, məzmunu yenidən nəzərdən keçirilməlidir. Həmçinin, tələbələrin elmi potensialını reallaşdırmağa imkan verən bir model qurulmalıdır’’.

Seçilən
45
Ajans.az

1Mənbələr