Maliyyə inklüzivliyi Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan iqtisadiyyatlarda əsas qlobal mövzulardan biri olaraq qalır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən "İnkişaf etməkdə olan bazar iqtisadiyyatları üçün Əl-Ula" adlı konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın yetkin əhalisinin 70 %-nin artıq bank hesabı var ki, bu da qısa müddətdə mühüm nailiyyətdir. Lakin AMB-nin xüsusilə monetar siyasət və maliyyə sabitliyi sahəsində üzləşdiyi çağırışlar qalmaqdadır.
"Bank aktivlərinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 42 % təşkil edir ki, bu da iqtisadiyyatın bank sektoru ilə kifayət qədər əhatə olunmadığını, lakin böyük artım potensialının olduğunu göstərir. Bu gün banklar ölkədəki bütün maliyyə aktivlərinin təxminən 95 %-nə nəzarət edir. Digər problem dövriyyədə olan nağd pul vəsaitlərinin yüksək səviyyədə olmasıdır: M0 göstəricisi M2-nin (geniş mənada pul kütləsi) 43 %-ni təşkil edir", - AMB sədri qeyd edib.
O vurğulayıb ki, Mərkəzi Bank maliyyə inklüzivliyini artırmaq üçün tənzimləmə və infrastrukturun təkmilləşdirilməsinə diqqət yetirir.
"Biz yerli ani ödəniş sistemini və açıq bank xidmətini tətbiq etmişik. AMB bank sektoru, sığorta bazarı, kapital bazarı, ödəniş sistemləri və fintexin tənzimlənməsinə cavabdehdir. Bu geniş mandat bizə bank və sığorta xidmətlərinə, kapital bazarına və fintex həllərinə çıxışı təmin edərək açıq maliyyə infrastrukturunu inkişaf etdirməyə imkan verir. Bu il biz xüsusilə fintex startapları üçün maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq eKYC sisteminin tətbiqinə başlamışıq", - T.Kazımov bildirib.
Onun sözlərinə görə, tələb baxımından AMB təhsil proqramları həyata keçirərək maliyyə savadlılığının artırılması istiqamətində fəal iş aparır.