AZ

Dünya “piroq”u sağçıların masasında - kiçik dövlətlər təhlükədə

Dünyanın sürətlə dəyişməsi yenidən bölünməsini də labüd edir.

Bəs bu dəfə dünyanı kimlər və necə böləcək?

EKREM.jpg

Tanınmış hüquqşünas Əkrəm Həsənov özünün sosial şəbəkə hesabında bu mövzuya toxunub:

“Son yüz il ərzində dünyada 3 əsas siyasi qüvvə var: sağçılar, liberallar və solçular. Sağçılar zənginlərin, liberallar orta təbəqənin, solçular isə kasıbların maraqlarından çıxış edir. Ötən 50 il ərzində hökmranlıq liberallara məxsus idi. Bunun da əsas səbəbi solçuların çox güclü olmasında idi. SSRİ-nin və Çinin başçılığı ilə sosialist düşərgə zənginləri (sağçıları) ciddi qorxuya salmışdı. XX əsrdə insan hüquqlarının təminatı əsasən bununla bağlı idi. Zənginlər əhalini solçuların təsirindən çıxarmaq üçün onlara ciddi güzəştlərə gedirdi: sosial hüquqlar, şəxsi hüquqlar, qadın hüquqları və s.

Liberalların hökmranlığı bərqərar olmuşdu. Bu da öz növbəsində nəinki fərdlərin, həmçinin xalqların da hüquqlarının tanınmasına gətirmişdi. Buna görə də imperiyalar çökdü və xeyli kiçik dövlət yarandı”.

Əkrəm Həsənov qeyd edib ki, əslində, bu dövlətlər də bir növ orta təbəqədir:

“Çünki dünyada etnos çoxdur, lakin hər bir etnosun öz dövləti yoxdur. Necə ki, əksər insanlar kasıbdır, eləcə də əksər etnosların da dövləti yoxdur. Lakin son onilliklər ərzində solçular dərin böhran içindədir. Düzdür, bərabərsizlik get-gedə artır. Bu baxımdan solçuların sosial bazası da artmalıdır. Lakin reklam, təbliğat və s. sosialist ideyaları utopik kimi təqdim edir. Buna görə də zombiləşmiş kasıblar bərabərlik şüarlarına uymur, əksinə, özləri də varlanmaq və digərlərini istismar etmək istəyirlər.

Bu əsnada sağçılar da onların beyinlərini millətçilik, imperiyapərəstlik və s. ideyalarla zəhərləyirlər. Bir növ dünya sanki yenə də XX əsrin əvvəlinə qayıdıb. Necə ki, o zaman alman, italyan, ispan, yapon və s. faşistlər müttəfiq idi, indi də imperiyapərəstlər (millətçilər, irqçilər və s.) asanlıqla dil tapa bilir. Ən bariz nümunə Tramp, Putin və Si Cinpin. Onların dildə hansı ideologiyanı təbliğ etmələri əsas deyil. Çünki ilk baxışdan həmin ideologiyalar bir-birinə ziddir: hərəsi özünü hegemon kimi görür. Əslində onlar zəngin siniflərin maraqlarına xidmət edirlər. Zənginlərin isə əsas istəyi kasıbları asanlıqla idarə edib istismar etməkdir. Bunun naminə qlobal dövlətlər bir-biri ilə dil tapmağa məhkumdur. Özü də onlara artıq solçular mane olmur. Liberallara da ehtiyac qalmayıb. Solçuların böhranı liberalları da sıradan çıxarıb.

Liberalların zəifləməsi iqtisadi orta təbəqə ilə yanaşı, kiçik dövlətlər üçün də ciddi təhlükə yaradıb. Çünki onların mövcudluğu liberalların hökmranlığı dövründə mümkün idi. Sağçılar üçün kasıblar ikinci dərəcəli insan olduğu kimi, kiçik dövlətlər də onların əyalətindən başqa bir şey deyil (Tramp bunu Kanada, Meksika və Panamaya münasibətdə, habelə fələstinlilərin etnik təmizlənməsi çağırışları ilə çox yaxşı göstərir). Buna görə kiçik dövlətlər də millətçilik və imperiyapərəstlik xəstəliyinə tutulub. İnstinktiv olaraq onlar başa düşür ki, meydanda qalmaq üçün böyümələri lazımdır. Lakin qlobal oyunçular, əksinə, onları aralarında bölmək istəyir. Əlbəttə, tarixin hər bir dönəmində kiçik dövlətlər olub. İri dövlətlərin kompromisinin nəticəsi olaraq. Lakin indiki sayda olmayıb. Buna görə də mövcud kiçik dövlətlərin əksəriyyəti ya formal, ya da faktiki müstəqilliyini itirə bilər”.

Əkrəm Həsənov Trampın Putinlə Ukraynaya dair razılığa gəlmə ehtimalının buna sübut olduğu qənaətindədir:

“Lakin əlbəttə ki, onlar təkcə Ukraynanın müqəddəratını həll etməyəcəklər. Digər bölgələr üzrə də təsir dairələrini müəyyən edəcəklər. Burada da bizim üçün əsas təhlükə odur ki, böyük ehtimalla Rusiyanın təsir dairəsinə keçmiş SSRİ məkanı (Baltikyanı ölkələri çıxmaqla) düşəcək. Belə olduğu təqdirdə ümid yalnız onadır ki, bizim müstəqilliyimiz qlobal oyunçuların komprimisi olsun (bu baxımdan Rusiya ilə münasibətlərimizin hazırda pisləşməsi lap yerinə düşüb və xeyrimizədir). Burada da Türkiyə və İsrailin bizə köməyi dəyə bilər. Lakin unutmayaq ki, bu iki dövlət qlobal yox, regional qüvvələrdir (hətta ərəb monarxiyaları qədər də qüvvətli deyillər). Yəni yekun qərar onlardan asılı deyil. Həm də onlar üçün əsas öz maraqlarıdır”.

Musavat.com

Seçilən
55
1
paytaxt.org

2Mənbələr