Son illərdə Azərbaycanda çəkilən filmlərə marağın azaldığı müşahidə olunur.
Belə ki, əvvəllər ölkəmizdə çəkilən filmlərə böyük maraq olurdu və həmin layihələr uzun müddət kinoteatrlarda izlənilirdi. Bu, xüsusən komediya janrında ərsəyə gələn filmlərə aiddir. Çünki bir ara Azərbaycanda çox sayda komediya filmləri çəkildi, bunun üçün böyük məbləğdə pullar xərcləndi.
Amma buna baxmayaraq, son zamanlarda sözügedən sahədə ciddi durğunluq nəzərə çarpır. Artıq əvvəlki qədər yeni filmlər çəkilmir. Bir digər problem isə Azərbaycanda çəkilən filmlər ixrac edə bilməməyimizdir. Yəni bizdə ərsəyə gələn film və ya seriallar xarici ölkələrin diqqətini çəkmir.
Ümumiyyətlə, Azərbaycan film sahəsində nə üçün durğunluq yaşanır? Niyə çəkdiyimiz film və serialları xarici ölkələrə sata bilmirik?
Mövzu ilə bağlı məşhur aktrisa Gülmira Fərzəliyeva Hit.az-a açıqlama verib. O bildirib ki, son zamanlarda çox sayda yeni filmin çəkilməməsinin əsas səbəbi maliyyə ilə bağlıdır:
"Hazırda film sahəsində maliyyə baxımından çox ciddi çətinliklər yaşanır. Əgər bu problem aradan qalxsa, qısa müddətdə yenə də çox yaxşı filmlər çəkilər.
Həmçinin, ölkəmizdə çəkilən film və serialların büdcəsi az olduğu üçün xaricə də çıxa bilmirik. Düşünürəm ki, bizdə də yüksək büdcəli layihələr çəkilsə, həm tamaşaçıların marağına səbəb olar, həm də onları xaricə ixrac edə bilərik".
Pərviz Şimşək