AZ

“Əqrəb mövsümü” vəkillərlə üz-üzə: ssenaristdən reaksiya – “Absurddur!”

Son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səsləndirilən ifadələr səs-küyə səbəb olub. Müvafiq peşə sahibləri kanaldan, o cümlədən yaradıcı heyətdən üzr tələb ediblər. Hətta Vəkillər Kollegiyası bununla bağlı etiraz bəyanatı yayıb.

Filmin ssenaristi, aktyor Azər Aydəmir məsələyə reaksiya verib.

O qeyd edib ki, vəkillərin bədii materiala həssaslıqla yanaşması üzücüdür:

“Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik. Bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanır və narahatlıq doğuran bir faktdır. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq gələcəyə olan ümidlərimi sarsıdırsınız. Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox. Siz axı hüquqşünassınız. Siz bunları sıravi tamaşaçıdan daha tez sezməlisiniz”.

Aktyor qeyd edib ki, hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır:

“Bu, sadəcə, bədii aynadır. Kinodur yəni…Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!”

Xatırladaq ki, sözügedən serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərində yaymlanan bölümlərində film personajının dildən səsləndirilən “oğraş vəkil” ifadəsi narazılıq yaradıb.

Mənbə: globalinfo.az

Seçilən
44
1
globalinfo.az

2Mənbələr