AZ

"Belə olmaz!" deyək, yoxsa reallığa baxaq? - "Əqrəb mövsümü" gündəmi

Gündəmimiz yenə yeni çəkilən Azərbaycan serialıdır. Ünvan eynidir: İctimai TV-də yayımlanan hər hansı bir film. Konkret olaraq, “Əqrəb Mövsümü”. Mən bir Azərbaycan vətəndaşı kimi, telekanalda yayımlanan yeni nəsil serialları bəyənirəm. Ona görə ki, artıq fərqli bir səviyyədə aktyor işi var, keyfiyyətli məhsul ortaya çıxır. Və bu artıq davamlı xarakter almağa başlayıb. Lakin yaranan mənzərə deyir ki, cəmiyyətimiz yeniliyə, fərqliliyə və reallığın oxşar şəkildə təqdim olunmasına hazır deyil. Ortada nöqsanlar varmı? Əlbəttə, aksiomadır ki, harada iş varsa, orada qüsurlar da olacaq. 

Söhbət təkcə vəkillərin qəzəblənməyindən getmir. Serialda hansısa vəkil haqqında təhqiramiz ifadə işlədilir ki, bu söz reallıqda ən müxtəlif sahələrdə çalışan insanlara, hətta ən yaxşı çalışan insanlara yönəlik də deyilə bilir. Nəzərə alsaq ki, ekran işinin əsas fiqurlarından biri vəkildir, o zaman bu peşə sahibləri daha çox önə çəkiləcək. Pis və ya yaxşı fərq etməz. Və bu o demək deyil ki, hamısına şamil edilir. Məsələn, real həyatda bir neçə dəfə jurnalistlərin müxtəlif maddələrlə təqsirləndiyini və etirafını da görmüşük, bu haqda xəbər də dərc etmişik.  

Hollivud filmlərinə baxdıqda görürük ki, ssenarist, rejissor ölkənin polisini, yüksək səviyyəli məmurunu belə, mənfi obrazda təqdim edir. Yəni belə insanların varlığını, onlarla mübarizə aparıldığını, nəticədə xoşbəxt sonluğu tamaşaçıya göstərir. Hətta bəzən oxşar problemlərin heç zaman bitməyəcəyini də nümayiş etdirirlər. Hamı axı reallığı bilir, həmişə mutlu son, “həppi end” olmaya da bilir. Həyatımız da qəm-kədərin xoşbəxtliklə harmoniyasından ibarətdir. 

İndi bütün bunları ekran işində efirə uyğun şəkildə təqdim etməkdə qəbahət varmı? Adətən, deyirlər ki, olsun e, efirdə təqdim olunmasın, məhdudiyyətli şəkildə - məsələn, internet platformalarında yer alsın. Yaxşı, deyək ki, oldu. Əvvəlcə biz müəyyən etməliyik ki, nə istəyirik, axı efirlərdə davamlı olaraq keyfiyyətli iş istəyən bizim cəmiyyətdir. Niyə məhz cəmiyyətin üzərində dayanıram? Çünki mahiyyət eynidir. Sabah vəkillərdən olmayacaq, digər peşələrdən bəhs ediləcək. Çünki bir peşədə çalışanların hamısı yaxşı insan ola bilməz. O zaman həmin məsləkdə çalışanlar narazı olacaqlar. 

Bir az rahat olsaq, bu qədər özümüzü sıxmasaq, görəsən, necə olar? Bəlkə, daha da keyfiyyətlər ortaya çıxar, bəlkə, daha da ürəklənib maraqlı işlər təqdim edənlərin sayı artar. Küsdürəcəksiniz... Sonra peşman olacağıq.

Təbii ki, insanların sağlam düşüncə tərzi, ənənəsi, dəyərləri nəzərə alınmadan, bu məfhumlara hörmət qoyulmadan təqdim olunan işin tərəfdarı deyiləm.

Mən də “Sənət sənət üçündür” fikri zərərlidir, sənət əqidə və amal üçündür…” anlayışını bölüşürəm.

Altından xətt çəkərək deyirəm ki, hər dəliliyə “sənət” adının verilməsini qəbul etmirəm.

Samir Mirzə

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
14
3
Demokratikmusavat.com

4Mənbələr