AZ

Marius Vizer: “Əminəm ki, Bakıdakı dünya çempionatı ən yüksək səviyyədə təşkil ediləcək” - MÜSAHİBƏ

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerin İdman.biz-ə müsahibəsi

- Azərbaycanda cüdonun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə, Azərbaycanı Paris-2024 Yay Olimpiya Oyunlarındakı 2 qızıl medal qazanması münasibətilə təbrik edirəm. Çünki bu, ölkə cüdosu üçün ən yaxşı nəticədir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və onun komandasını da təbrik edirəm. O, son 4 ildə çox böyük işlər görür. Medallardan başqa, Azərbaycanda cüdonun inkişafı naminə həm sosial, həm də təhsil proqramlarının həyata keçirilməsinə nail olub.

- Milli Gimnastika Arenasında keçirilən “Böyük Dəbilqə”ni izlədiniz. Təşkilatçılıq və Azərbaycan cüdoçularının nəticələri barədə fikirləriniz necədir?

- Bakıdakı “Böyük Dəbilqə”, həmişəki kimi, çox əla tədbir idi, yüksək səviyyədə və peşəkarcasına təşkil olunmuşdu, dostluq, qarşılıqlı hörmət şəraitində keçdi. Medal qazanan azərbaycanlı cüdoçuları təbrik edirəm. 1 qızıl, 1 gümüş və 3 bürünc medal yaxşı nəticədir.

- Elnur Məmmədli Pekin-2008 Yay Olimpiya Oyunlarında, Hidayət Heydərov və Zelim Kotsoyev isə Paris-2024-də qızıl medal qazandıqdan sonra cüdo qaydalarında dəyişikliklər etdiniz. Bunlar təsadüfi deyildi?

- Bəli, məlumatlıyıq (gülür - red.). Hər bir Olimpiadadan sonra nəticələrə və dəyişən qaydalara əsasən, 4 illik dəyərləndirmə aparırıq. Nələr yaxşı deyilsə, onların hamısını düzəltmək və ən yaxşı texnika, ən yaxşı "fair play" və cüdo yarışı üçün ən yaxşı cəlbediciliyi təşviq etmək imkanımız olur.

- 2026-cı ildə Bakıda dünya çempionatı keçiriləcək. 8 ildən sonra Azərbaycanın ikinci dəfə təşkilatçılıq edəcəyi mundialdan nə gözləyirsiniz?

- Növbəti il dünya çempionatının Bakıda keçiriləcəyindən çox məmnunuq. Bu, böyük tədbir və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına vəsiqə baxımından ilk addım olacaq. Əminəm ki, əla bir yarış alınacaq və həmişəki kimi, ən yüksək səviyyədə təşkil ediləcək.

- Rusiya və Belarus milli komandalarının beynəlxalq yarışlarda iştirakı nə zaman mümkün olacaq?

- Rusiya və Belarus cüdoçularının nə zaman qayıdacaqlarını gözləyirik. Ümidvaram ki, biz onları tezliklə görəcəyik və sülh bərqərar olacaq. Belə də bizim cüdo ailəmizin üzvləridirlər, bizimlədirlər. Düşünürəm ki, növbəti Yay Olimpiya Oyunlarında olacaqlar.

Aytac Sahəd
İdman.biz

Seçilən
27
idman.biz

1Mənbələr