Real TV-nin rəhbəri Mirşahin Ağayev Azərbaycanda fəaliyyət göstərən “Sputnik Azərbaycan”la bağlı sensasion fikirlər səsləndirib.
"AzPolitika" xəbər verir ki, o, bu barədə müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişində çıxış edib.
Jurnalist sözügedən media orqanının Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin razılığı ilə ölkəyə gətirildiyini bildirib: “Təxminən 10 il əvvəl “Sputnik Azərbaycan”la bağlı məqalə yazmışdım. Təəssüf ki, indi tapmaq mümkün deyil. Çünki həmin zaman Əli Həsənov məqaləni dərhal yığışdırmağımı tələb etdi. Məqalə “Sputnik Azərbaycan”nın bağlı olduğu “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi, şəxsən Marqarita Simonyanın redaksiya siyasəti haqqında idi. Bütün cəhdlərimə baxmayaraq, Əli Həsənovu haqlı olduğuma inandıra bilmədim, məqaləni yığışdırmağa məcbur olduq. İndi isə aydın olur ki, “Sputnik Azərbaycan”ı ölkəmizə elə Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü rəhbərliklə razılaşdırmadan gətiribmiş”.