AZ

Azərbaycanda elektron pul bazarının inkişaf perspektivi varmı? - ARAŞDIRMA

1 ildən çoxdur ki, Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun qüvvəyə minib.

İndiyə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) bu qanuna uyğun olaraq 14 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib.

Göründüyü kimi, ödəniş bazarında ən çox maraq elektron pul fəaliyyətinə göstərilir. Bəs Azərbaycanda elektron pul bazarının inkişaf perspektivi varmı? "Report" mövzunu iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri - Rəşad Həsənov deyir ki, Azərbaycanda elektron pul bazarı digər ölkələrlə müqayisədə nisbətən gec formalaşıb: "Yalnız son illər bu istiqamətdə hüquqi baza təkmilləşdirilib, elekton pul təşkilatları lisenziyalaşdırılıb, AMB-nin nəzarəti altında fəaliyyət göstərir. Amma bu bazarda inkişaf üçün bir neçə mühüm addım atılmalıdır. Xüsusilə təhlükəsizlik məsələsi olduqca vacibdir. Çünki, söhbət vətəndaşların vəsaitlərinin elektron pul emissiyası həyata keçirən qurumlara həvalə edilməsindən gedir. İnsanlar nağd pullarını elektron pullarla dəyişir. Odur ki, bu sistemin etibarlılığı təmin edilməlidir. Bu sahədə təhlükəsizlik tələblərinin zamanla vəziyyətə uyğun olaraq təkmilləşdirilməsi zəruridir. Burada nəzarət zəiflədiyi halda, sistemə etibar azala bilər. Elektron pul bazarının genişlənməsi üçün burada yeni oyunçuların iştirakına imkan yaradılması, eləcə də elektron pullar vasitəsilə ödəniş imkanlarının artırılması da vacibdir. Elektron ticarətin inkişafı da ölkə daxilində bu cür pullardan istifadənin genişlənməsinə, bu istiqamətdə təşəbbüslərin artmasına səbəb ola bilər".

Digər iqtisadçı-ekspert - Xalid Kərimli isə deyir ki, Azərbaycanda təklif olunan elektron pullar digər ölkələrdən fərqli olaraq bank sektoru ilə əlaqəlidir: "Halbuki, elektron pulla bağlı əməliyyatlarda banklar iştirak etməməlidir. Münasibətlər birbaşa vətəndaşlar və tənzimləyici qurum (AMB) arasında qurulmalıdır. Buna bir növ mərkəzi bankların buraxdığı kriptovalyuta kimi də baxmaq olar. Əsas məsələ odur ki, banklar bu prosesdə iştirak etmir. Azərbaycan hələ ki, bu istiqamətdə ciddi addımlar atmağa tələsmir. Bizim hazırda əsas diqqət yetirdiyimiz məsələ rəqəmsal pulların inkişafı, kartlarla ödənişlərin genişləndirilməsi, elektron ödənişlərin daha rahat və əlçatan olması üzərində çalışırıq. Azərbaycanda elektron pul bazarının inkişafı üçün ilk növbədə mövcud infrastruktur gücləndirilməlidir. Hazırda Çin yeni sistem üzərində işləyir. Avropa və Amerika bu istiqamətdə addımlar atır. Biz isə hələ o səviyyədə deyilik və bu istiqamətdə yenilik etmək niyyətimiz də yoxdur. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi bazarın inkişafına müsbət təsir edə bilər. Maarifləndirmə tədbirləri də vacibdir. Orta və yaşlı nəsil bu kimi yeniliklərə şübhə ilə yanaşır, daha az istifadə edir. Bu sosial qrupların prosesdə aktiv iştirakını təmin edən dəyişikliklər, məlumatlandırıcı və maarifləndirici mühitin formalaşması bazarın inkişafına əhəmiyyətli töhfə verə bilər”.

AMB-nin Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev isə deyir ki, gələcəkdə elektron pul bazarının bank sektorundan asılılığına son qoyulacaq: "Hazırda elektron pul və ödəniş təşkilatları hesablaşmaları sistem əhəmiyyətli ödəniş sistemləri vasitəsilə həyata keçirir və bu da onları banklardan asılı vəziyyətdə saxlayır. Məqsədimiz odur ki, ödəniş bazarı iştirakçıları hesablaşmaları müstəqil formada yerinə yetirsinlər. Bu isə o deməkdir ki, onlar AMB-də sistem əhəmiyyətli ödəniş sistemlərində müxbir hesab açmalıdırlar. Hazırda bunun tez olduğunu düşünürük, amma gələcəkdə müxbir hesabın açılmasına şərait yaradılacaq”.

Onun sözlərinə görə, AMB rəqəmsal pul bazarının inkişafı üçün struktur islahatlarına başlamağı da planlaşdırır: “2024-2026-cı illər üçün müəyyən edilmiş strateji çərçivədə elektron pul təşkilatlarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi üzrə işlər görülür. Bu addımlar bazarın müstəqilliyini artıracaq və elektron ödəniş sistemlərinin daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq”.

Seçilən
16
report.az

1Mənbələr