AZ

Qaradağlı faciəsinin şahidi: O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək

Beyləqan, 17 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də Ermənistan silahlı bölmələri tərəfindən işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi.

Qaradağlı faciəsinin şahidi Şahruz Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 33 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib: “1992-ci il fevralın 14-də düşmən kəndi mühasirəyə alaraq, hücuma keçdi. Biz fevralın 17-dək inadla müqavimət göstərdik. Kömək gözləyirdik, amma heç bir kömək yox idi. Ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Bizi kamazlara mindirib Xankəndiyə apardılar. Əsirlikdə bizə çox əzab-əziyyət verdilər. Əsir götürülənlərin arasında uşaqlar, qadınlar, qocalar var idi. Kənd sakinlərinin bir çoxunu qətlə yetirdilər. Öldürmədiklərini isə hər gün döyürdülər, işgəncələr verirdilər. Nəhayət, 1992-ci il aprelin 10-da əsirlikdən azad oldum. O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək”.

Ş.Əliyev torpaqlarımızın azad edilməsi ilə şəhidlərin ruhlarının da dinclik tapdığını bildirib: “Ən böyük arzularımız həyata keçib, 30 ildən artıq ayrı düşdüyümüz torpaqlarımız işğaldan azad olunub. Bu gün o torpaqları müqəddəs yerlər kimi ziyarət edirik. Bu gün həm də Qaradağlı faciəsi zamanı şəhid olan kənd sakinlərinin ruhları şaddır. Allah şəhidlərimizə rəhmət eləsin”.

Seçilən
42
azertag.az

1Mənbələr